Avantaj.media-nın qaynar xəttinə Sumqayıt şəhəri, 20 Yanvar küçəsində aparılan tikinti işləri ilə bağlı vətəndaş müraciəti daxil olub.
Müraciətdə bildirilir ki, sözügedən ərazidə “Aita MTK” tərəfindən aparıldığı iddia olunan tikinti işləri zamanı lazımi təhlükəsizlik tədbirlərinin görülmədiyi qeyd olunur. Vətəndaşların sözlərinə görə, inşası başa çatmaq üzrə olan binanın ətrafında kifayət qədər qoruyucu örtük və ya mühafizə vasitələri quraşdırılmadığından müxtəlif tikinti tullantıları, toz, palçıq və digər materiallar əraziyə səpələnir.
Şikayətçilər bildirirlər ki, binanın üzlənməsi və digər işlər aparılarkən qopub düşən hissəciklər yaxınlıqdan keçən insanların və ərazidə park edilmiş avtomobillərin üzərinə tökülür. Onların fikrincə, bu vəziyyət həm maddi zərərə, həm də vətəndaşların təhlükəsizliyi üçün risklərin yaranmasına səbəb ola bilər.
Müraciət müəllifi məsələ ilə bağlı videogörüntülərin də mövcud olduğunu bildirərək aidiyyəti qurumların vəziyyəti araşdırmasını və zəruri tədbirlərin görülməsini xahiş edir.
Qeyd edək ki, bu iddialar müraciət müəllifinə məxsusdur. Avantaj.media məsələ ilə bağlı “Aita MTK”nın və digər aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırdır.
Mənsurə Şirinova
















