Mobil telefonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir çox insan gecə yatarkən telefonunu zaryadka qurğusuna qoşaraq səhərə qədər enerji toplamasını təmin edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda bu vərdiş müəyyən təhlükələr yarada bilər.
Avantaj.media araşdırmasına görə , texnologiya mütəxəssislərinin fikrincə, telefonu gecə boyu zaryadkada saxlamaq həm cihazın ömrünə, həm də təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər.
Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz və ya saxta zaryad cihazlarından istifadə zamanı qızma, qısaqapanma və hətta yanğın riski yarana bilər. Xüsusilə telefonun yastıq, yorğan və ya digər hava keçirməyən səthlərin üzərində zaryad olunması cihazın həddindən artıq isinməsinə səbəb ola bilər.
Digər tərəfdən, müasir smartfonların əksəriyyətində batareyanın tam dolduqdan sonra enerji qəbulunu məhdudlaşdıran qoruyucu sistemlər mövcuddur. Buna baxmayaraq, telefonun uzun müddət yüksək temperaturda qalması batareyanın ümumi istifadə müddətinin azalmasına təsir göstərə bilər.
Ekspertlər həmçinin telefonun yatağa çox yaxın saxlanılmasının yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyini qeyd edirlər. Gecə ərzində gələn bildirişlər və ekran işığı insanın yuxu rejimini poza bilər.
Təhlükəsiz istifadə üçün yalnız orijinal və sertifikatlaşdırılmış zaryad cihazlarından istifadə etmək, telefonu sərt və hava keçirməyən səthlər üzərində deyil, düz və açıq yerdə zaryad etmək tövsiyə olunur. Həmçinin cihazın texniki vəziyyətinə mütəmadi nəzarət edilməsinin vacibliyi vurğulanır.
Mütəxəssislərin fikrincə, düzgün istifadə qaydalarına əməl edildiyi təqdirdə telefonların gecə zaryad olunması ciddi problem yaratmasa da, təhlükəsizlik tədbirlərinə riayət etmək mümkün risklərin qarşısını almağa kömək edir.
















