Bəziləri arıqlamaq məqsədilə səhər yeməyini tamamilə keçməyin faydalı olduğunu düşünür. Lakin bu yanaşma hər kəs üçün doğru deyil. Səhər yeməyini yeməmək bəzi insanlarda gün ərzində aclıq hissinin artmasına, növbəti qidalarda daha çox yeməyə və nəticədə artıq kalori qəbuluna səbəb ola bilər.
Bu sözləri qida eksperti Fərid Səfərov Avantaj.media-ya açıqlamasında bildirib.
Digər tərəfdən, bəzi şəxslər üçün vaxt məhdudiyyətli qidalanma və ya intermittent fasting kimi üsullarda səhər yeməyinin buraxılması çəki idarəetməsinə kömək edə bilər. Ancaq burada əsas məsələ səhər yeməyini yemək və ya yeməmək deyil, gün ərzində qəbul edilən ümumi kalori miqdarı və qidalanmanın keyfiyyətidir.
Əgər səhər yeməyi qəbul edilirsə, onun tərkibində zülal, tam taxıllar, tərəvəz və ya meyvə kimi qidaların olması daha məqsədəuyğundur. Şirniyyatlar və şəkərli məhsullarla zəngin səhər yeməyi isə tez acmağa səbəb ola bilər.
Yəni arıqlamaq üçün səhər yeməyini yeməmək mütləq və universal bir qayda deyil. Ən doğru seçim insanın həyat tərzinə, sağlamlıq vəziyyətinə və ümumi qidalanma planına uyğun olan yanaşmadır. Əsas məqsəd gün ərzində balanslı qidalanmaq və enerji ehtiyacını düzgün qarşılamaqdır.
Sağlam qidalanaraq sağlam yaşayın !
Emil Müzəffərli
















