Son vaxtlar istehlakçılar tərəfindən marketlərdə məhsulların rəfdə göstərilən qiyməti ilə kassada çıxan qiymət arasında fərqlərin olması ilə bağlı şikayətlər artır. Vətəndaşlar bildirirlər ki, endirimli və ya daha aşağı qiymətlə təqdim olunan məhsulların ödənişi zamanı kassada daha yüksək məbləğ tələb olunur.
Mütəxəssislərin fikrincə, bu cür hallar alıcıların çaşdırılmasına səbəb olmaqla yanaşı, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, məhsulun üzərində və ya rəfdə göstərilən qiymət alıcı üçün əsas məlumat hesab olunur və qiymət fərqi yarandıqda məsələ araşdırılmalıdır.
İstehlakçılara alış-veriş zamanı çeklərini yoxlamaq, məhsulun rəf qiymətini diqqətdə saxlamaq və qiymət uyğunsuzluğu aşkar etdikdə market rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etmək tövsiyə olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə də bu mövzu ilə bağlı çoxsaylı paylaşımlar edilir və vətəndaşlar “rəfdə fərqli, kassada fərqli” qiymət siyasətinin qarşısının alınmasını tələb edirlər.
Avantaj.media olaraq oxucularımızı alış-veriş zamanı diqqətli olmağa və belə hallarla qarşılaşdıqda hüquqlarını müdafiə etməyə çağırırıq.
Mənsurə Şirinova
















