Bir çox insan gecənin eyni saatlarında, xüsusilə də saat 03:00 radələrində qəfil oyanmaqla qarşılaşdığını bildirir. Bu vəziyyət uzun illərdir müxtəlif miflərə, mistik inanclara və fərziyyələrə səbəb olsa da, alimlər bunun arxasında əsasən bioloji və psixoloji amillərin dayandığını qeyd edirlər.
Avantaj.media-nın araşdırmasına görə, insan orqanizmi gecə saatlarında müxtəlif fizioloji dəyişikliklərdən keçir. Mütəxəssislərin sözlərinə görə, gecə saat 2-4 arası bədənin temperaturu və qan təzyiqi gün ərzindəki ən aşağı səviyyələrdən birinə enir. Eyni zamanda yuxunun mərhələləri dəyişir və insan daha həssas yuxu fazasına daxil olur. Bu səbəbdən həmin saatlarda oyanmaq ehtimalı artır.
Araşdırmalar göstərir ki, stress və narahatlıq da gecəyarısı oyanmalarının əsas səbəblərindən biridir. Gün ərzində beynin məşğul olduğu problemlər və emosional gərginlik gecə saatlarında daha qabarıq şəkildə özünü göstərə bilir. Nəticədə insan qəfil oyanır və yenidən yuxuya getməkdə çətinlik çəkir.
Mütəxəssislər bildirirlər ki, kortizol adlanan stress hormonu da bu prosesdə rol oynaya bilər. Orqanizm səhərə hazırlaşmağa başladıqca hormon səviyyələrində dəyişiklik baş verir. Bəzi insanlarda bu dəyişikliklər yuxunun pozulmasına səbəb ola bilir.
Yuxu üzrə ekspertlər qeyd edirlər ki, gecə saat 3-də oyanmaq hər zaman sağlamlıq problemi anlamına gəlmir. Lakin bu hal mütəmadi təkrarlanır, yuxusuzluq yaradır və gündəlik həyata təsir edirsə, səbəblərin araşdırılması vacib hesab olunur. Bəzi hallarda yuxu pozuntuları, depressiya, narahatlıq pozuntuları və ya digər sağlamlıq problemləri də gecə oyanmalarına səbəb ola bilər.
Son illərdə sosial şəbəkələrdə saat 03:00-ın “mistik saat” olması ilə bağlı müxtəlif iddialar yayılsa da, alimlər bu fikirləri elmi əsaslı hesab etmirlər. Onların sözlərinə görə, insanların həmin saatda daha çox oyanmasının əsas səbəbi yuxu dövrünün təbii xüsusiyyətləri və orqanizmdə baş verən fizioloji dəyişikliklərlə əlaqədardır.
Mütəxəssislər sağlam yuxu üçün yatmazdan əvvəl telefon və digər elektron cihazlardan uzaq durmağı, kofein qəbulunu məhdudlaşdırmağı, otağın qaranlıq və sakit olmasını təmin etməyi tövsiyə edirlər. Bu qaydalara əməl etmək gecəyarısı oyanmalarının sayını azaltmağa kömək edə bilər.
















