İnformasiya bolluğunun yaşandığı müasir dövrdə insanlar hər gün yüzlərlə xəbər və paylaşım ilə qarşılaşır. Maraqlıdır ki, bəzən yalan olduğu sübut edilən məlumatlar belə uzun müddət insanların yaddaşında qalır və onlara inanmağa davam edənlər olur. Psixoloqlar bildirirlər ki, bunun səbəbi təkcə məlumat çatışmazlığı deyil, həm də insan beyninin işləmə prinsipi və emosional reaksiyaları ilə bağlıdır.
“Avantaj.media”nın araşdırmasına görə, mütəxəssislər insanların öz düşüncələrini təsdiqləyən məlumatlara daha çox inanmağa meylli olduğunu bildirirlər. Bu hal psixologiyada “təsdiqləmə qərəzi” (confirmation bias) adlanır. İnsanlar əvvəlcədən inandıqları fikirlərlə üst-üstə düşən xəbərləri daha tez qəbul edir, əksini göstərən faktlara isə şübhə ilə yanaşırlar. Bundan əlavə, eyni yalan məlumatın dəfələrlə paylaşılması onun daha inandırıcı görünməsinə səbəb ola bilər. Bu fenomen “illüziya həqiqəti effekti” kimi tanınır.
Psixoloqlar qeyd edirlər ki, qorxu, həyəcan və qəzəb kimi güclü emosiyalar yaradan xəbərlər insanlar arasında daha sürətlə yayılır. Sosial şəbəkələrin alqoritmləri də yüksək reaksiya toplayan paylaşımları ön plana çıxardığı üçün yalan məlumatlar qısa müddətdə milyonlarla insana çata bilir. Xüsusilə sensasiyalı başlıqlar istifadəçilərin xəbəri yoxlamadan paylaşmasına səbəb olur.
Mütəxəssislər dezinformasiyanın qarşısını almaq üçün hər bir istifadəçiyə xəbərin mənbəyini yoxlamağı, fərqli etibarlı mənbələrlə müqayisə aparmağı və emosional başlıqlara tənqidi yanaşmağı tövsiyə edirlər. Onların fikrincə, media savadlılığının artırılması və faktların yoxlanılması cəmiyyətdə yalan xəbərlərin təsirini əhəmiyyətli dərəcədə azalda bilər.
Mələk Nəsirli
















