İçməli suya qənaət çağırışları artır: Ev təsərrüfatlarında gizli su itkisi haradan başlayır?
Su ehtiyatlarının qorunması qlobal miqyasda mühüm məsələlərdən birinə çevrilib. Lakin su itkisi yalnız iri sənaye müəssisələri və kənd təsərrüfatı ilə əlaqəli deyil. Bəzən gündəlik məişətdə diqqətdən kənarda qalan kiçik problemlər də ciddi itkilərə səbəb olur.
Nasaz kranlar, su buraxan unitaz çənləri və texniki vəziyyəti yoxlanılmayan borular gün ərzində böyük həcmdə suyun boş yerə axmasına gətirib çıxara bilər.
Digər problem isə suyun istifadəsində yaranan vərdişlərlə bağlıdır. Diş fırçalayarkən kranın açıq saxlanılması, qabların yuyulması zamanı həddindən artıq su sərf edilməsi bu qənaətin qarşısını alır.
Mütəxəssislərin tövsiyələrinə əsasən, evlərdə su sistemlərinin mütəmadi yoxlanılması və qənaətcil avadanlıqlardan istifadə edilməsi vacibdir.
Suya qənaət yalnız kommunal xərclərin azaldılması deyil, gələcək nəsillərin resurslarının qorunması deməkdir.
















