Bir mesajla bank hesabları boşaldıla bilər: Saxta linklərə qarşı diqqət niyə vacibdir ?
Rəqəmsal xidmətlərin geniş yayılması ilə yanaşı, internet üzərindən dələduzluq üsulları da mürəkkəbləşir. Kiberdələduzlar bəzən bank, kuryer şirkəti və ya dövlət qurumlarının adından istifadə edərək vətəndaşlara saxta mesajlar göndərirlər.
Bu mesajlarda adətən təcili ödəniş, bağlamanın çatdırılması və ya hesabın bloklanması kimi ifadələrdən istifadə edilir. Məqsəd insanı düşünmədən linkə daxil olmağa və şəxsi məlumatlarını təqdim etməyə sövq etməkdir.
Belə hallarda istifadəçinin bank kartı məlumatları, birdəfəlik təsdiq kodları və hesab giriş məlumatları təhlükə altına düşə bilər.
Vətəndaşlar mesajın göndərildiyi nömrəyə və linkin ünvanına diqqət yetirməli, şübhəli keçidlərə daxil olmamalıdırlar. Bank əməkdaşları adından müraciət edən şəxslərə SMS təsdiq kodunu vermək də ciddi təhlükə yaradır.
Rəqəmsal təhlükəsizlikdə ən vacib müdafiə vasitələrindən biri tələsməmək və məlumatı rəsmi kanaldan yoxlamaqdır.
















