“Ümumiyyətlə, mən dikdaban ayaqqabıların istifadəsini məsləhət görmürəm. Xanımlar bəzən estetik görünüş və daha gözəl görünmək üçün dikdaban ayaqqabılardan istifadə edirlər. Lakin mənim fikrimcə, bu, tam doğru yanaşma deyil”.
Uzman Travmatoloq-Ortoped Türkel Hüseynov Avantaj.media-ya müsahibəsində bildirib ki, “bunun səbəbi odur ki, insanın hərəkət sistemi, yəni sümük və əzələ sistemi bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. İnsan orqanizmində ağırlıq mərkəzi mexaniki və anatomik oxlar vasitəsilə tənzimlənir. Normal şəraitdə bədənin sağ və sol hissələrinə düşən yük bərabər paylanır”.

“Lakin dikdaban ayaqqabıların istifadəsi zamanı mexaniki və anatomik oxlar arasında pozğunluq yaranır. Bunun nəticəsində pəncədə və ayaq barmaqlarında deformasiyalar, vətərlərdə qısalma, eyni zamanda diz ağrıları, diz önü ağrıları, çanaq və bel ağrıları kimi problemlər meydana çıxa bilər”.
“Ona görə də mən dikdaban ayaqqabıların uzunmüddətli və xroniki istifadəsini, yəni gün ərzində bir neçə saat və uzun zaman ərzində geyinilməsini məsləhət görmürəm”.
“Mənim praktikada da bu tip xəstələrim var. Uzun müddət dikdaban ayaqqabı geyinən şəxslərdə barmaq deformasiyaları, xüsusilə halluks valgus deformasiyası, daban tikanı və plantar fasiit kimi problemlər müşahidə olunur”.
“Bu səbəbdən xanımlara tövsiyə edirəm ki, dikdaban ayaqqabılardan mümkün qədər qısa müddətdə istifadə etsinlər və onların istifadəsini minimum səviyyəyə endirsinlər”.
Humay Cəfərova
















