Son illərdə dünyanın müxtəlif bölgələrində dəniz və göllərdə suyun səviyyəsinin azalması diqqət çəkən problemlərdən biridir. Mütəxəssislər bu prosesin həm təbii, həm də antropogen, yəni insan fəaliyyəti ilə bağlı səbəblərdən qaynaqlandığını bildirirlər.
Ekoloq-Jurnalistlər Birliyinin sədri Cəmşid Quliyev Avantaj.media-ya müsahibəsində bildirib: “Çaylar göl və dənizləri qidalandıran əsas mənbələrdir. Dünyanın ən böyük gölü hesab olunan Xəzər dənizi də su səviyyəsi azalan su hövzələri sırasındadır.”

Mütəxəssis qeyd edir ki, Xəzər dənizinin qidalanmasının təxminən 80 faizi Volqa çayı vasitəsilə təmin olunur. Cəmşid Quliyevin sözlərinə görə: “Müxtəlif mənbələrə əsasən, Volqa çayının suyunun azalması Xəzərdəki geriləmənin əsas səbəblərindən biridir. Bununla yanaşı, iqlim dəyişiklikləri nəticəsində buxarlanmanın artması, meşələrin qırılması və torpaq eroziyası da su dövranını pozaraq dəniz və göllərin kiçilməsinə səbəb olur.”
İqlim dəyişikliyinin təsiri
Cəmşid Quliyev Avantaj.media ya müsahibəsində bildirib: “İqlim dəyişiklikləri müxtəlif su hövzələrinə fərqli təsir göstərir. Dünya okeanında su səviyyəsi yüksəlsə də, bəzi göllər və daxili su hövzələrində əks proses müşahidə edilir. Quraqlığın artması içməli su ehtiyatlarının azalmasına gətirib çıxarır. Bundan əlavə, duzlu suların içməli su mənbələrinə qarışması suyun keyfiyyətini aşağı salır.”
Ekosistem üçün ciddi təhlükə
Mütəxəssis Cəmşid Quliyevin sözlərinə görə: “Suyun azalması ekosistemə ciddi zərər vurur. Balıqların və digər su canlılarının yaşayış arealı kiçilir, suyun temperaturunun yüksəlməsi isə bəzi növlərin məhv olmasına səbəb olur. Oksigen səviyyəsinin azalması nəticəsində balıq ölümləri artır, qida zənciri pozulur.”
O əlavə edib: “Bu proses balıqçılıqla məşğul olan insanların gəlirlərinə də mənfi təsir göstərir. Eyni zamanda, quşların qidalanma mənbələri azaldığı üçün onların miqrasiyası sürətlənir və təbii tarazlıq pozulur.”
İnsan amili əsas faktorlardan biridir
Ekoloq vurğulayıb: “Su ehtiyatlarının azalmasında insan fəaliyyəti mühüm rol oynayır. Kənd təsərrüfatında həddindən artıq su istifadəsi, çay məcralarının dəyişdirilməsi, sənaye və şəhərlərin artan su tələbatı bu problemləri daha da dərinləşdirir.”
Cəmşid Quliyev bildirib: “Kanalizasiya sularının çaylara axıdılması və sənaye tullantılarının su hövzələrinə yönləndirilməsi dünyanın bir çox ölkəsində müşahidə olunan problemlərdəndir. Bataqlıqların qurudularaq yerində tikililərin inşa edilməsi də su ekosistemlərinin qidalanmasına mənfi təsir göstərir.”
Mütəxəssis nümunə kimi Aral dənizini göstərərək qeyd edib: “Dənizə daxil olan suların kənd təsərrüfatına yönəldilməsi nəticəsində Aral dənizinin böyük hissəsi quruyub. Son dövrlərdə yağıntıların artması müəyyən qədər canlanma yaratsa da, əvvəlki vəziyyət tam bərpa olunmayıb.”
Problemin həlli yolları
Cəmşid Quliyev Avantaj.media ya müsahibəsində bildirib: “İlk növbədə, suvarma sistemlərində ciddi dəyişikliklər aparılmalıdır. Damcı və çiləmə üsulu kimi müasir suvarma texnologiyalarının tətbiqi suya qənaəti artıracaq. Selləmə üsulu ilə suvarmanın məhdudlaşdırılması da mühüm addımlardan biridir.”
O əlavə edib: “Bununla yanaşı, su hövzələrinin çirkləndirilməsinin qarşısı alınmalı, istixana qazlarının emissiyası azaldılmalı və bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verilməlidir.”
Müsahibəsinin sonunda Cəmşid Quliyev bildirib: “Əhalinin suya qənaət və ekoloji məsuliyyət mövzusunda maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ekoloq-Jurnalistlər Birliyi uzun illərdir bu istiqamətdə təşviqat və maarifləndirmə işləri aparır.”
Humay Cəfərova
















