Qara və yaşıl çaylar hər ikisi sağlamlığa faydalı çaylardır. Lakin bir-birindən fərqlənən xüsusiyyətlərə və fərqli təsirlərə malikdirlər.
“Refresh Group” MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov Avantaj.media ya müsahibəsində bildirib: “Yaşıl çay antioksidantlara malikdir və metabolizmanı sürətləndirir. Qara çay isə enerjini artırır, ürək-damar sistemini gücləndirir.”
Seymur Qafarov qeyd edib: “Gün ərzində 3-4 stəkan çay içmək optimal sayılır və çayın yeməkdən sonra içilməsi daha faydalıdır.” O, həmçinin vurğulayıb: “Şəkər əlavə etmək çayın faydasını həqiqətən də azaldır.”
Seymur Qafarovun sözlərinə görə: “Qara çay antioksidant təsirə malikdir. Qara çayın tərkibində olan polifenollar və teaflavinlər sərbəst radikallardan qoruyur, hüceyrələrimizi müdafiə edir. Ürək sağlamlığı nöqteyi-nəzərindən qan təzyiqinin və xolesterinin azalmasına kömək edir. Yeməkdən sonra içildikdə mədə turşusunu tənzimləyir, həzmi asanlaşdırır. Tərkibindəki kofein sayəsində diqqəti artırır və yorğunluq hissini aradan qaldırır.”
Seymur Qafarov bildirib: “Qara çayın həddindən artıq qəbulu bəzi mənfi təsirlərə səbəb ola bilər. Belə ki, gündə 6-7 stəkandan çox içildikdə yuxusuzluq, sinir gərginliyi və dəmir çatışmazlığı yarada bilər. Həmçinin çox isti içildikdə qida borusunda xərçəng riskini artıra bilər.”
Yaşıl çayın faydalarından danışan Seymur Qafarov qeyd edib: “Yaşıl çay xərçəng hüceyrələrinin böyüməsini ləngidir, arıqlama prosesinə kömək edir və metabolizmanı sürətləndirir.” O əlavə edib: “Yaşıl çayın tərkibində olan teanin maddəsi sakitləşdirici təsir göstərərək stresi azaldır. C vitamini və polifenollar isə qocalma prosesini ləngidir.”
Bununla yanaşı, Seymur Qafarov bildirib: “Yaşıl çayın həddindən artıq qəbulu böyrəklərdə problemlər yarada bilər. Həmçinin sidikqovucu və qan durulaşdırıcı dərmanlarla birlikdə yaşıl çay içmək təhlükəli ola bilər.”
Seymur Qafarov qeyd edib: “Emal prosesi baxımından yaşıl və qara çay arasında ciddi fərq mövcuddur. Belə ki, yaşıl çay oksidləşmir, qara çay isə tam şəkildə oksidləşir.”
Çayın içilmə vaxtına toxunan Seymur Qafarov bildirib: “Çay içmək üçün ən uyğun vaxt yeməkdən 20-30 dəqiqə sonradır.” Onun sözlərinə görə: “Yeməkdən əvvəl çay içmək mədədə turşuluğu artıra bilər. Xüsusilə acqarına çay içmək tövsiyə edilmir.”
Seymur Qafarov vurğulayıb: “Çay antioksidant təsirə malik olsa da, şəkər onun faydasını azaldır və kalori miqdarını artırır. Ən sağlam variant çayın şəkərsiz və ya balla içilməsidir. Xüsusən yaşıl çay balla qəbul oluna bilər. Gün ərzində 3-4 stəkan qara çay və 1-3 stəkan yaşıl çay içmək orqanizmdə balansın qorunmasına kömək edir.”
Çayın seçilməsi zamanı diqqət edilməli məqamlardan danışan Seymur Qafarov bildirib: “Məhsul alınarkən onun vizual qablaşdırmasında hər hansı deformasiyanın olub-olmamasına diqqət yetirilməlidir. Bununla yanaşı, 523 saylı “Qida Təhlükəsizliyi haqqında” qanunun 17.2-ci maddəsində göstərilən etiket məlumatları da yoxlanmalıdır. Bunlara məhsulun saxlanma temperaturu, saxlanma üçün nəzərdə tutulmuş nəmlik göstəriciləri, istehsalçı şirkətin faktiki ünvanı, məhsulun tərkibi, istifadə olunan qatqı maddələri və qida enerji dəyəri daxildir.”
Seymur Qafarov bildirib: “Bütün bu məlumatlar etiketdə öz əksini tapmalıdır. Həmçinin istehsal və son istifadə tarixləri də mütləq şəkildə qeyd olunmalıdır.”
Humay Cəfərova
















