“Ətirlər təkcə xoş qoxu vermək üçün istifadə olunmur. Bəzi ətirlər insanın əhvalını yüksəldir, ona enerji verir və özünəinam hissini artırır. Məhz buna görə də insanlar öz xarakterlərinə və zövqlərinə uyğun qoxular seçməyə çalışırlar”.Bu sözləri Ətirçi Orxan Rəhimov Avantaj mediaya özəl müsahibəsində bildirib.
Ətir istifadə edən şəxs ilk növbədə onun tərkibini bilməlidir. Məsələn, ətrin tərkibində müəyyən meyvə və ya bitki ekstraktları ola bilər. Həmin maddələrə qarşı həssaslığı və ya allergiyası olan insanlarda dəri qıcıqlanması yarana bilər. Buna görə də yeni ətrdən istifadə etməzdən əvvəl onun tərkibi ilə tanış olmaq vacibdir.
Ətir üzrə mütəxəssis vurğulayır ki,bu mərhələdən sonra bilməli olduğumuz məqam ətrin necə istifadəsidir:
“Ətirlər əsasən boyun və bilək nahiyələrinə vurulur. Xüsusilə yağ əsaslı və orijinal ətirlər dəri ilə təmas zamanı daha yaxşı nəticə verir. Bunun səbəbi dərinin istiliyinin ətrin qoxusunu daha effektiv şəkildə yaymasıdır.
Ətrin qalıcılığına hava şəraiti də təsir göstərir. Yay mövsümündə daha çox sərin və təravətli qoxulara üstünlük verilir. Bu tip ətirlər adətən yüngül olduqları üçün qalıcılıqları nisbətən az olur. Qış aylarında isə tünd və ağır notlara malik ətirlər daha uzun müddət qalır. Temperatur, eləcə də gecə və gündüz fərqi ətrin qoxusunun açılmasına təsir edir. Hətta müəyyən ətirlər yağışlı havalarda və ya gecə saatlarında daha cazibədar qoxu yayır.
Bəzi ətirlərin qiyməti isə olduqca yüksək olur. Bunun əsas səbəbləri istifadə olunan xammalın keyfiyyəti, nadir qoxu notları, istehsal prosesi və brend dəyəridir. Dünyanın ən bahalı ətir markalarından biri olan “Clive Christian”-in bəzi məhsullarının qiyməti Azərbaycan manatı ilə 2000 manatdan yuxarı başlayır. Digər məşhur lüks markalardan biri olan “Amouage” da yüksək keyfiyyəti və xüsusi qoxu kompozisiyaları ilə seçilir.
Orijinal və saxta ətri ayırd etmək də vacib məsələlərdən biridir. Saxta məhsullar orijinal qoxunu tam təkrarlaya bilmir. Ətirin quruluşu adətən üç əsas hissədən ibarətdir: üst not, ürək notu və baza notu. Orijinal ətir zaman keçdikcə bu notları ardıcıl şəkildə açır və qoxu saatlarla qalır. Saxta və ya keyfiyyətsiz məhsullarda isə bu keçidlər hiss olunmur və qoxu tez itir.
Orijinal məhsulu müəyyən etmək üçün qablaşdırma və flakon üzərindəki kodların eyni olmasına diqqət yetirmək lazımdır.Bundan əlavə, ətrin etibarlı və rəsmi satış məntəqələrindən alınması tövsiyə olunur.Düzgün seçilmiş ətir isə insanın imicini tamamlayır”-deyə Orxan Rəhimov qeyd edib.
Humay Cəfərova
















