Sümüklərin sağlam inkişafı və möhkəmliyi yalnız düzgün qidalanma ilə məhdudlaşmır. Bu prosesə həyat tərzi, fiziki aktivlik və yuxu rejimi də birbaşa təsir göstərir.
Bu barədə Travmatoloq-Ortoped Türkel Hüseynoğlu Avantaj.media-ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, sümük sistemi kompleks şəkildə qiymətləndirilməlidir:
“Sümüklərin inkişafına yalnız sümük toxuması kimi baxmaq düzgün deyil. Sümük sistemi və birləşdirici toxumalar vətərlər, bağlar, qığırdaqlar və əzələlərlə birlikdə vahid bir struktur təşkil edir. Buna görə də onların sağlamlığı kompleks yanaşma tələb edir.”
Türkel Hüseynoğlu qeyd edib ki, qidalanma baxımından süd və süd məhsulları sümüklər üçün ən vacib qida mənbələri hesab olunur:
“Sümüklərin inkişafı üçün süd və süd məhsulları, balıq, qırmızı ət və digər zülal tərkibli qidalar olduqca əhəmiyyətlidir. Eyni zamanda sümük suyundan hazırlanan qidalar kollagenlə zəngin olduğundan sümük və birləşdirici toxumaların möhkəmlənməsinə müsbət təsir göstərir.”
Mütəxəssis bildirib ki, yaşıl yarpaqlı tərəvəzlər, çərəzlər və sitrus meyvələri də sümük sağlamlığının qorunmasında mühüm rol oynayır:
“Bu qidalar orqanizmin ehtiyac duyduğu vitamin və minerallarla zəngindir. Xüsusilə kalsiumun mənimsənilməsi və sümüklərin möhkəmlənməsi baxımından faydalıdır.”
Həkim sağlam həyat tərzinin də vacibliyini vurğulayıb:
“Düzgün qidalanma ilə yanaşı, gün ərzində ən azı 7-8 saat keyfiyyətli yuxu, müntəzəm fiziki aktivlik və açıq havada gəzintilər sümük toxumasının qanla təchizatını yaxşılaşdırır. Həmçinin zərərli vərdişlərdən uzaq olmaq sümüklərin daha möhkəm və dayanıqlı olmasına kömək edir.”
Travmatoloq-Ortoped Türkel Hüseynoğlu qeyd edib ki, sağlam sümüklərin təməli uşaqlıq və yeniyetməlik dövründə qoyulur. Bu səbəbdən valideynlər övladlarının qidalanmasına, fiziki aktivliyinə və gündəlik rejiminə xüsusi diqqət yetirməlidirlər.















