Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında şəxslərin təhqir olunması qanunvericiliklə məsuliyyət yaradır.
Bu barədə “Avantaj.media”ya açıqlamasında vəkil Ramil Əfəndiyev məlumat verib.Vəkilin sözlərinə görə, sosial şəbəkələrdə hər hansı şəxsin təhqir edilməsi və həmin paylaşımın digər insanlar tərəfindən görülməsi qanunvericilik baxımından kütləvi şəkildə həyata keçirilmiş təhqir hesab olunur.
“Burada əsas meyar ondan ibarətdir ki, təhqir kütləvi xarakter daşısın və digər şəxslər tərəfindən görülsün. Belə hallarda təhqirə məruz qalmış şəxs hüquqlarının müdafiəsi üçün aidiyyəti dövlət qurumlarına və ya birbaşa məhkəməyə müraciət edə bilər”, – deyə vəkil bildirib.
Ramil Əfəndiyev qeyd edib ki, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət etməklə yanaşı, xüsusi ittiham qaydasında məhkəməyə ərizə təqdim edə və təhqir olunduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilər.
Vəkilin sözlərinə görə, məhkəmə araşdırması nəticəsində təhqir faktı təsdiqini taparsa, əməli törədən şəxs qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilər.
“Qanunvericiliyə əsasən, internet informasiya ehtiyatlarında və ya sosial şəbəkələrdə təhqir edən şəxs 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər”, – deyə o vurğulayıb.
Vəkil əlavə edib ki, təhqir saxta profil və ya anonim hesab vasitəsilə həyata keçirildiyi halda məsuliyyət daha da ağırlaşa bilər.
“Əgər təhqir saxta profil vasitəsilə törədilibsə və həmin şəxsin kimliyi müəyyən olunarsa, o zaman həmin şəxs 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər”, – deyə Ramil Əfəndiyev bildirib.
Vəkil vətəndaşlara tövsiyə edib ki, sosial şəbəkələrdə paylaşım edərkən və ya şərh yazarkən qanunvericiliyin tələblərinə riayət etsinlər və digər şəxslərin şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə etməsinlər.
















