Son illərdə gənclərin teatra marağının azalması aktual müzakirə mövzusudur. Avantaj.media xəbər verir ki, mütəxəssislər bu problemin səbəblərini və çıxış yollarını əsasən bu cür vurğulayırlar:
Gənclərin teatra az getməsinin başlıca səbəbi həyat tərzlərinin dəyişməsidir. Sosial şəbəkələrin sürətli axınına öyrəşən gənc nəsil üçün klassik tamaşaların tempi yavaş və darıxdırıcı gəlir. Bundan əlavə, repertuarların gənclərin real problemlərindən – karyera və ya müasir münasibətlərdən uzaq olması, eləcə də teatrların “Ciddi və rəsmi” imici onların marağını azaldır.
Teatrlarda müasir mövzulara yer verilməsi səhnədə gənclərin gündəlik problemlərinin öz əksini tapmasına kömək edə bilər. Bununla yanaşı rəqəmsal marketinqin güclü alət kimi istifadə olunması, tanıtımların ənənəvi üsullarla deyil, gənclərin istifadə etdiyi platformalarda (TikTok, Instagram) dinamik şəkildə aparılması da xüsusi əhəmiyyət kəsb edir. Həmçinin rahat mühit, teatrların daha sərbəst, müasir və rahat məkana çevrilməsinə imkan yaradır.
Bu addımlar teatrı gənclər üçün yad bir məkandan çıxarıb, maraqlı və cəlbedici bir sosial mərkəzə çevirə bilər.
Elsa Abdullayeva
















