“Avantaj.media” xəbər verir ki, 2026-cı il “Dünya Çempionatı”nın 1/16 final mərhələsində 2 iyul 00:00-da Belçika millisi Seneqal yığması ilə üz-üzə gələcək.
ABŞ-ın Sietl şəhərində keçiriləcək qarşılaşma hər iki komanda üçün 1/8 finala gedən yolda həlledici əhəmiyyət daşıyır. Qrup mərhələsində inamlı çıxış edən Belçika G qrupunu lider kimi başa vuraraq pley-offa yüksəlib. Seneqal isə qrup mərhələsini ən yaxşı üçüncü yerlərdən biri kimi tamamlayaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Belçika qrup mərhələsinin son turunda Yeni Zelandiya millisini 5:1 hesabı ilə məğlub edərək yüksək əhval-ruhiyyədə pley-off mərhələsinə qədəm qoyub. Komanda hücum xəttində məhsuldar oyunu və sürətli kombinasiyaları ilə diqqət çəkib. Avropa təmsilçisi turnirin bu mərhələsində də favoritlər sırasında göstərilir.
Seneqal isə son qrup oyununda İraq üzərində 5:0 hesablı parlaq qələbə qazanaraq 1/16 finala yüksəlib. Afrika təmsilçisi fiziki hazırlığı, sürətli cinah hücumları və təhlükəli əks-hücumlarda təhlükəli oyunu ilə rəqibləri üçün ciddi sınaq hesab olunur. Komanda Belçikaya qarşı da eyni oyun üslubunu nümayiş etdirməyə çalışacaq.
Hər iki kollektiv üçün bu qarşılaşmanın məğlubiyyəti turnirlə vidalaşmaq deməkdir. Mütəxəssislər Belçikanı cüzi favorit hesab etsələr də, Seneqalın intizamlı oyunu və sürətli keçidləri görüşün gedişatını dəyişə biləcək əsas amillərdən biri kimi qiymətləndirilir. Futbolsevərləri gərgin və maraqlı mübarizənin gözlədiyi bildirilir.
Nazim Xeyrxəbərli
















