Müasir dövrün gətirdiyi rəqəmsal gərginlik və gündəlik stress insanları emosional rahatlığı virtual məkanda axtarmağa sövq edir. İstifadəçilərin anlıq əhval-ruhiyyəsini analiz edərək onlara fərdiləşdirilmiş musiqi siyahıları təqdim edən ağıllı alqoritmlər, fərqinə varmadan milyonlarla insan üçün bir növ rəqəmsal musiqi terapiyası həyata keçirir.
Musiqi müəllimi Rəhman Şərifov “Avantaj Media”ya açıqlamasında bildirib ki, musiqi əsrlər boyu insan ruhunun ən təbii təsəlli vasitələrindən biri olub, rəqəmsal texnologiyalar isə bu təsiri daha fərdi səviyyəyə çatdırıb.
Onun sözlərinə görə, bu gün süni intellektlə işləyən musiqi platformaları hər bir istifadəçinin dinləmə vərdişlərini, əhval-ruhiyyəsini və seçimlərini analiz edərək ona uyğun musiqilər təqdim edir.
“Musiqi əsrlər boyu insan ruhunun ən təbii dərmanı olub. Bu gün isə rəqəmsal platformaların süni intellekt alqoritmləri həmin təsiri hər bir insan üçün fərdi şəkildə formalaşdırır. İnsanlar depressiya, yuxusuzluq və ya diqqət dağınıqlığı ilə mübarizə apararkən, fərqinə varmadan sistemin onlara təklif etdiyi musiqilərə üz tuturlar.
Xüsusilə diqqətin cəmlənməsinə kömək edən melodiyalar və sakitləşdirici ritmlər zehni yorğunluğun azalmasına müsbət təsir göstərir. Alqoritmlərin istifadəçilərin emosional vəziyyətinə bu qədər sürətlə uyğunlaşması rəqəmsal musiqini sadəcə əyləncə vasitəsi olmaqdan çıxarır. Düzgün seçilmiş musiqi siyahıları beyində dopamin ifrazını stimullaşdıraraq insanın əhval-ruhiyyəsinə müsbət təsir göstərə və qısamüddətli rahatlama hissi yarada bilər. Gələcəkdə musiqi platformalarının fərdiləşdirilmiş stress idarəetməsi və emosional rifah sahəsində daha geniş tətbiq olunacağı gözlənilir”, – deyə Rəhman Şərifov bildirib. Ayisə Şərifova
















