Gündəlik həyatda bir çox insan fərqinə varmadan manipulyasiyanın təsiri altına düşür. Bəzən təkcə bir baxış, bir cümlə və ya ustalıqla seçilmiş sözlər insanın qərarlarına təsir edir, onu təzyiq altında hiss etdirir. Nəticədə isə insan öz istəyi ilə deyil, başqasının yönləndirməsi ilə hərəkət edir və istəmədiyi hissləri yaşamağa başlayır.
“Avantaj.media”nın araşdırmasına görə, manipulyasiya təkcə şəxsi münasibətlərdə deyil, iş mühitində, ailədə, dostluq əlaqələrində, hətta sosial media və reklam vasitəsilə də qarşımıza çıxır. Bu üsullardan istifadə edən insanlar çox vaxt qarşı tərəfin emosiyalarını, zəif nöqtələrini və etibarını öz məqsədlərinə çatmaq üçün alətə çevirirlər. Maraqlıdır ki, manipulyasiya hər zaman aqressiv və ya açıq şəkildə baş vermir. Əksinə, ən təsirli manipulyasiya üsulları nəzakət, qayğı və ya “sənin yaxşılığını istəyirəm” görüntüsü altında gizlənə bilir. İnsanlar xüsusilə qəbul edilmək, sevilmək, münaqişədən qaçmaq və başqalarını məyus etməmək istəyi səbəbindən manipulyasiyaya daha həssas olurlar. Özünə inamın zəif olması, “yox” deməkdə çətinlik çəkmək və başqalarının fikrinə həddindən artıq önəm vermək də manipulyatorların işini asanlaşdıran amillər sırasındadır. Manipulyasiyanı tanımağın ilk addımı qərarlarınızın həqiqətən öz istəyinizdən, yoxsa günahkarlıq, qorxu və ya təzyiq hissindən qaynaqlandığını dərk etməkdir. Əgər bir söhbətdən sonra özünüzü davamlı günahkar, borclu və ya dəyərsiz hiss edirsinizsə, bu, manipulyasiyanın əlaməti ola bilər.
Bəzən insanı ən çox idarə edən yüksək səslə deyilən sözlər deyil, pıçıltı ilə deyilən cümlələr olur. Manipulyasiya da məhz belə işləyir – görünmədən düşüncələrə toxunur, qərarları dəyişir. Buna görə də hər “bəli” deməzdən əvvəl özümüzə bir sual vermək vacibdir: Bu qərarı həqiqətən mən verirəm, yoxsa kimsə məni görünmədən buna yönəldir?
Mələk Nəsirli
















