“Avantaj.media” xəbər verir ki, 2026-cı il “Dünya Çempionatı”nın 1/16 final mərhələsində iyulun 2-si gecə saat 04:00-da ABŞ millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.
Santa-Klara şəhərində keçiriləcək görüş hər iki komanda üçün 1/8 finala gedən yolda həlledici əhəmiyyət daşıyır. Turnirin ev sahiblərindən olan ABŞ qrup mərhələsini uğurla başa vuraraq öz qrupunun lideri kimi pley-off mərhələsinə yüksəlib. Bosniya və Herseqovina isə ən yaxşı üçüncü yerlərdən biri olaraq mübarizəni davam etdirmək hüququ qazanıb və favorit rəqibi qarşısında növbəti sürprizə imza atmağa çalışacaq.
ABŞ qrup mərhələsində nümayiş etdirdiyi sürətli və hücumameyilli futbolu ilə diqqət çəkib. Baş məşqçi Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektiv topa nəzarət edən, yüksək tempdə oynayan komandalar sırasında göstərilir. Amerikalılar doğma azarkeşlər önündə çıxış etməyin üstünlüyündən istifadə edərək erkən qolla oyunu nəzarətə götürməyi hədəfləyirlər.
Bosniya və Herseqovina isə turnirdə əzmkar çıxışı ilə seçilib. Balkan təmsilçisi müdafiədə intizamlı oyunu və sürətli əks-hücumları ilə rəqiblərinə çətin anlar yaşadıb. Komandanın əsas ümidlərindən biri təcrübəli hücumçu Edin Cekodur. Onun liderliyi və hava toplarındakı üstünlüyü Bosniya və Herseqovinanın ən vacib silahlarından hesab olunur.
Mütəxəssislər qarşılaşmada ABŞ-ni favorit saysalar da, Bosniya və Herseqovinanın sürpriz etmək potensialını da yüksək qiymətləndirirlər. Hər iki komanda üçün məğlubiyyət dünya çempionatı ilə vidalaşmaq anlamına gəldiyindən, futbolsevərləri gərgin və maraqlı mübarizənin gözlədiyi bildirilir.
Nazim Xeyrxəbərli
















