Kontakt Home mağazalar şəbəkəsinin Salyan filialından notbuk alan müştəri şirkətin xidmətindən narazı qalıb.
“Avantaj.media” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Rövşən Fətiyev “Müştəriyəm Şikayətim Var” adlı Facebook qrupunda paylaşım edib.
Rövşən Fətiyevin sözlərinə görə, o, notbuku ilkin olaraq 118 manat ödəməklə alıb və 12 ay müddətində hər ay 192 manat ödəniş etməyə başlayıb. Lakin ödənişlərin 10-cu ayında cihazın ekranında xətlər yaranıb.
Müştəri nasazlıqla bağlı mağazaya müraciət etdikdən sonra notbuk Bakıya göndərilib. Onun bildirdiyinə görə, cihaz göndərildikdən 10 gün sonra ona notbukda zavod qüsuru olduğu və yenisi ilə əvəz ediləcəyi bildirilib.
Daha sonra şirkətin müxtəlif əməkdaşları, o cümlədən Müştəri Məmnuniyyəti Xidmətinin nümayəndələri onunla əlaqə saxlayıblar. Lakin yeni notbuk üçün əlavə 131 manat ilkin ödəniş və aylıq ödənişlər tələb olunub. Müştəri bu şərtlərlə razılaşmayıb.
Şikayətçinin sözlərinə görə, sonradan ona yeni notbukun alınması üçün ümumilikdə 2395 manat ödəməli olduğu bildirilib. Təklif olunan sənədlərə imza atmayan Rövşən Fətiyev mağazanı tərk edib.
O, əvvəlki notbukunu geri tələb etsə də, cihazın hələ də qaytarılmadığını bildirir. Artıq beş gündür bu məsələ ilə bağlı cavab gözlədiyini qeyd edən müştəri Kontakt Home ilə əməkdaşlığı dayandırmaq qərarına gəldiyini və hüquqlarını məhkəmə yolu ilə müdafiə etməyi düşündüyünü yazıb.
Müştərinin sözlərinə görə, şirkətin marketinq və müştəri məmnuniyyəti xidmətinin fəaliyyəti onu ciddi şəkildə narazı salıb.
Məsələ ilə bağlı Kontakt Home rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

















