Jurnalist Fatimə Mahmudovadan 8 Noyabr – Zəfər Günü münasibətilə xalqımıza təbrik
Əziz Azərbaycan xalqı, dəyərli həmvətənlər !
Sizi xalqımızın şanlı tarixinin ən möhtəşəm səhifələrindən birini təşkil edən 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm !
Bu gün Azərbaycan xalqı üçün sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün illərlə qəlbimizdə yaşatdığımız Vətən həsrətinin sona çatdığı, milli qürurumuzun yenidən yüksəldiyi, xalqımızın bir yumruq kimi birləşərək öz gücünü bütün dünyaya nümayiş etdirdiyi tarixi gündür. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycan dövlətinin qüdrətini, xalqımızın sarsılmaz iradəsini və ordumuzun qəhrəmanlığını nümayiş etdirdi.
Zəfərimiz asan qazanılmadı. Bu Qələbənin arxasında illərlə davam edən həsrət, gözləyən anaların duaları, övladlarının yolunu gözləyən ataların ümidləri, yarımçıq qalan arzular və ən əsası, Vətən uğrunda canından keçən minlərlə qəhrəmanımızın qanı dayanır.
Bu gün Zəfərdən danışarkən ilk növbədə şəhidlərimizi xatırlamalıyıq. Çünki bu torpağın hər qarışında onların izi, hər zəfər sevincimizin arxasında onların fədakarlığı var. Onlar öz həyatlarını Vətənə fəda edərək gələcək nəsillərə azad, bütöv və qürurlu Azərbaycan miras qoydular.
Şəhid analarının göz yaşları, övlad itkisi ilə barışmağa çalışan ailələrin səssiz ağrısı heç vaxt unudulmamalıdır. Bəlkə də bu gün bayrağımızın dalğalandığını görüb sevinən hər bir azərbaycanlının qəlbində bir şəhidin adı, bir qəhrəmanın xatirəsi yaşayır. Onların hər biri bizim üçün bir tarix, bir qəhrəmanlıq dastanı və heç vaxt unudulmayacaq müqəddəs əmanətdir.
Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirəm. Vətən müharibəsində sağlamlığını itirən qazilərimizə minnətdarlığımı bildirir, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin !
Bu əlamətdar gündə bir daha vurğulamaq istəyirəm ki, Zəfər yalnız keçmişimizin qüruru deyil, həm də gələcəyimiz qarşısında məsuliyyətimizdir. Biz bu tarixi Qələbənin dəyərini qorumalı, şəhidlərimizin əmanət etdiyi Vətəni daha güclü, daha inkişaf etmiş və daha firavan görmək üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Jurnalist fəaliyyəti ilə yanaşı, “Billur Estetik”in mətbuat katibi kimi də xalqımızın bu əlamətdar günündə hər bir həmvətənimə ən xoş arzularımı çatdırıram. İnanıram ki, milli birlik, həmrəylik və Vətən sevgisi daim xalqımızın ən böyük gücü olaraq qalacaq.
Arzu edirəm ki, Azərbaycan səmasında hər zaman sülh olsun, üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, heç bir ana övlad itkisi yaşamasın, heç bir ailənin qapısı şəhid xəbəri ilə döyülməsin. Ölkəmizdə əmin-amanlıq, xalqımızın həyatında sevinc və firavanlıq daim olsun !
8 Noyabr – Zəfər Günümüz mübarək!
Qarabağ Azərbaycandır! Bu Zəfər bizim qürurumuz, şəhidlərimizin bizə əmanətidir!
Hörmətlə
Fatimə Mahmudova
Jurnalist, “Billur Estetik”in mətbuat katibi
















