Avantaj.media nın araşdırmasına görə , gün ərzində istifadə etdiyimiz telefonlar, geyimlər, ayaqqabılar və əllərimiz müxtəlif bakteriya və viruslarla təmasda ola bilər. Xüsusilə insanların sıx olduğu məkanlardan qayıtdıqdan sonra bəzi gigiyena qaydalarına əməl etmək infeksiyaların ev daxilində yayılma riskini azaldır.
Əllərin sabunla yuyulması infeksiyalardan qorunmağın ən təsirli yollarından biri hesab olunur. Evə daxil olduqdan dərhal sonra ən azı 20 saniyə ərzində əllərin yuyulması tövsiyə edilir.
Mobil telefonlar, açarlar, eynəklər və digər şəxsi əşyalar da gün ərzində çoxsaylı səthlərlə təmasda olur. Buna görə onların mütəmadi olaraq dezinfeksiyaedici vasitələrlə təmizlənməsi vacibdir.
Ayaqqabıların evin giriş hissəsində çıxarılması da gigiyena baxımından önəmli sayılır. Araşdırmalar göstərir ki, küçədən gətirilən toz və çirklə yanaşı, müxtəlif mikroorqanizmlər də ayaqqabıların altında daşına bilər.
İctimai nəqliyyatdan və ya insanların sıx toplandığı məkanlardan qayıtdıqdan sonra paltarların dəyişdirilməsi və mümkün olduqda yuyulması məsləhət görülür. Xüsusilə azyaşlı uşaqların olduğu ailələrdə bu qaydalara diqqət yetirilməsi daha böyük əhəmiyyət daşıyır.
Həkimlər həmçinin evlərin mütəmadi havalandırılmasını, tez-tez toxunulan səthlərin təmizlənməsini və xəstəlik əlamətləri olan şəxslərlə təmas zamanı ehtiyat tədbirlərinin görülməsini tövsiyə edirlər.
Sağlam həyat tərzi, düzgün qidalanma və şəxsi gigiyena qaydalarına əməl olunması infeksiyalara qarşı orqanizmin müdafiə qabiliyyətinin güclənməsinə də kömək edir. Bu səbəbdən sadə görünən gündəlik vərdişlər həm özümüzün, həm də ailə üzvlərimizin sağlamlığının qorunmasında mühüm rol oynayır.
















