İdman tarixinin başlanğıcı minilliklər əvvələ gedib çıxır. Müasir dövrdə yüzlərlə idman növü olsa da, tarixçilərin böyük əksəriyyəti dünyanın ən qədim idman oyunlarından birinin güləş olduğunu bildirir.
“Avantaj.media”nın araşdırmasına görə, güləşin tarixi təxminən 15 min il əvvələ qədər uzanır. Fransadakı qədim mağara rəsmlərində insanların bir-biri ilə güləşdiyini əks etdirən təsvirlərə rast gəlinib. Bu da güləşin insanlıq tarixinin ən qədim fiziki yarışlarından biri olduğunu göstərir.
Araşdırmalara əsasən, qədim Misir, Mesopotamiya, Çin və Hindistanda da güləş geniş yayılmış idman növü olub. Misirdə eramızdan əvvəl təxminən 2300-cü ilə aid məzar rəsmlərində müxtəlif güləş fəndləri təsvir edilib.
Qədim Yunanıstanda isə güləş ən nüfuzlu idman növlərindən biri sayılırdı. Eramızdan əvvəl 708-ci ildə keçirilən qədim Olimpiya Oyunlarının proqramına daxil edilən güləş, həmin dövrdən etibarən beynəlxalq yarışların ayrılmaz hissəsinə çevrilib.
Mütəxəssislər hesab edirlər ki, güləş əvvəlcə insanların özünü müdafiə etməsi və döyüş bacarıqlarını inkişaf etdirməsi məqsədilə formalaşıb. Zaman keçdikcə isə bu bacarıq qaydalar əsasında keçirilən idman növünə çevrilərək bütün dünyaya yayılıb.
Bu gün güləş dünyanın ən populyar idman növlərindən biri olmaqla yanaşı, Azərbaycan üçün də ən uğurlu və ənənəvi idman sahələrindən hesab edilir. Azərbaycan güləşçiləri Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında qazandıqları uğurlarla ölkənin idman tarixində mühüm yer tuturlar.
Mənsurə Şirinova
















