Numerologiya nədir ? Rəqəmlərin sirri insanları niyə bu qədər maraqlandırır ?
Son illərdə numerologiyaya maraq dünya üzrə yenidən artıb. Sosial şəbəkələrdə milyonlarla paylaşımda insanlar doğum tarixlərinin və adlarının rəqəmlərinin xarakterlərinə, münasibətlərinə və gələcəklərinə təsir etdiyini iddia edirlər. Bununla yanaşı, elm adamları numerologiyanın elmi əsaslara söykənmədiyini və daha çox inanc sistemi kimi qiymətləndirildiyini bildirirlər.
“Avantaj.media”nın araşdırmasına görə, numerologiya qədim dövrlərdən mövcud olan mistik inanclardan biridir. Bu yanaşmaya əsasən, hər rəqəmin özünəməxsus mənası və enerjisi var. Numerologiya ilə məşğul olan şəxslər doğum tarixindən və ad-soyaddan istifadə edərək insanın xarakteri, həyat yolu və gələcək imkanları barədə şərhlər verirlər. Lakin elmi araşdırmalar bu iddiaları təsdiqləmir və numerologiyanın gələcəyi proqnozlaşdırdığına dair etibarlı sübutlar mövcud deyil.
Psixoloqlar hesab edirlər ki, insanların numerologiyaya maraq göstərməsinin əsas səbəblərindən biri qeyri-müəyyən vəziyyətlərdə özlərinə izah və istiqamət axtarmalarıdır. Ümumi xarakterli təsvirlərin çox insana uyğun görünməsi də numerologiyanın inandırıcı qəbul edilməsinə təsir edən amillərdən sayılır.
Mütəxəssislər qeyd edirlər ki, numerologiya ilə maraqlanmaq şəxsi seçimdir, lakin mühüm həyat qərarları qəbul edilərkən elmi məlumatlara, peşəkar məsləhətlərə və real faktlara əsaslanmaq daha etibarlı yanaşma hesab olunur.
Nazim Xeyrxəbərli
















