Həmin gün tamaşaçılar qarşısında Moldovanın “Fluieraș” Xalq Mahnı və Rəqs Ansamblı və “Millenium” etno-estrada qrupu da çıxış edəcək.
Daha sonra Qazaxıstandan olan sənətkarların təqdimatında Luvr kolleksiyasına daxil olan qədim Şirvan xalçasından ilhamlanaraq ərsəyə gələn “İki xalça” baleti nümayiş etdiriləcək. Layihənin ideya müəllifi, libretto müəllifi Valeri Kopeykindir.
Beynəlxalq Musiqi Festivalı avqustun 3-də Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə yekunlaşacaq. Gecəni Xalq artistləri Azər Zeynalov (tenor), Dinarə Əliyeva (soprano), Elçin Əzizov (bariton), Samir Cəfərov (tenor), Əməkdar artistlər Elnarə Məmmədova (lirik-koloratur soprano), Sahib Paşazadə (tar) və beynəlxalq müsabiqələr laureatlarının ifaları bəzəyəcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı illərdir dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. Bu musiqi platforması təkcə klassik əsərlərin təntənəsi deyil, eyni zamanda xalqları birləşdirən, sərhədləri aşan, musiqi ilə dolu unudulmaz anlarla yadda qalan mədəniyyətlərarası körpüdür.
Ənənəyə uyğun olaraq yay fəslində təşkil edilən bu beynəlxalq mədəniyyət tədbiri bu il də parlaq ifalar vəd edir.
Festival günlərindəki konsert proqramlarına giriş sərbəstdir.
















