Qar dənəcikləri niyə bir-birindən fərqlidir ? Təbiətin yaratdığı bənzərsiz naxışlar
Qışda göydən yağan qar ilk baxışda eyni görünə bilər. Lakin qar dənəciklərinə mikroskop altında baxdıqda onların demək olar ki, hər birinin fərqli forma və naxışa sahib olduğu görünür. Bəs bu kiçik buz kristallarının niyə eyni olmadığı alimləri də uzun illərdir maraqlandıran suallardandır.
“Avantaj.media-nın araşdırmasına görə”, qar dənəciyinin formalaşması atmosferdəki temperatur və rütubət şəraitindən birbaşa asılıdır. Qar dənəciyi buludun içində hərəkət etdikcə müxtəlif temperatur və rütubət qatlarından keçir. Bu dəyişikliklər onun formasının addım-addım dəyişməsinə səbəb olur.
Qar dənəciklərinin əsasını su molekullarından yaranan buz kristalları təşkil edir. Su donarkən molekullar müəyyən qaydada düzülərək altıbucaqlı kristal quruluş yaradır. Buna görə qar dənəciklərinin çoxunda altı əsas qol müşahidə olunur.
Lakin həmin altı qolun üzərində yaranan xırda budaqlar və naxışlar eyni olmur. Kristal böyüdükcə onun hər bir hissəsi atmosferdəki şəraitə fərqli şəkildə reaksiya verə bilər. Temperaturun və rütubətin çox kiçik dəyişiklikləri belə kristalın böyümə formasına təsir göstərir.
Məhz buna görə qar dənəcikləri eyni əsas quruluşa malik olsalar da, onların detalları fərqli olur. Hətta bir-birinə çox oxşayan iki qar dənəciyinin belə mikroskopik səviyyədə tamamilə eyni olması olduqca nadir hesab edilir.
Qar dənəciklərinin formaları da hava şəraitindən asılı olaraq dəyişir. Bəziləri nazik lövhələrə, digərləri iynələrə, sütunlara və ya mürəkkəb budaqlanmış ulduzlara bənzəyə bilər.
Beləliklə, göydən yağan hər qar dənəciyi atmosferdə keçdiyi özünəməxsus temperatur və rütubət səyahətinin izlərini daşıyır. Təbiətin yaratdığı bu kiçik buz kristalları qarın sadəcə ağ örtük deyil, hər biri fərqli quruluşa malik mikroskopik sənət əsəri olduğunu göstərir.
Mələk Nəsirli
















