Sumqayıtda Saniyəölçənsiz Svetofor Həm Sürücülərə , Həm də Piyadalara Çətin Anlar Yaşadır
“Avantaj.media” nın qaynar xəttinə daxil olan görüntülərdə , Sumqayıt şəhərinin ən işlək nöqtələrindən biri olan Koroğlu prospektində piyadaların və sürücülərin hərəkətində ciddi təhlükə və nizamsızlıq yaranıb.
Sakinlərin verdiyi məlumata görə, bir neçə gün əvvəl prospektdə yerləşən svetoforun saniyəölçən (taymer) qurğusu yığışdırılıb. Bu dəyişiklikdən sonra ərazidə həm nəqliyyat vasitələrinin, həm də yolu keçmək istəyən piyadaların hərəkətində böyük maneələr və xaotik vəziyyət müşahidə olunur.
Qəza Riski Artır, Sakinlər Narahatdır
Videogörüntülərdən də aydın olduğu kimi, svetoforun yaşıl və ya qırmızı işığının nə vaxt dəyişəcəyini əvvəlcədən təyin edə bilməyən piyadalar yolu keçərkən çətinliklə üzləşirlər. Çox vaxt işığın qəfil dəyişməsi səbəbindən vətəndaşlar yolun ortasında qalır, avtomobillərin hərəkətinə mane olur və öz həyatlarını təhlükəyə atırlar.
Sürücülər isə svetoforun saniyəölçəni olmadığı üçün yolayrıcında gözlənilmədən dayanmaq və ya qəfil sürətlənmək məcburiyyətində qalırlar ki, bu da zəncirvari yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.
Sakinlərin Tələbi : Ərazidə yaşayan və hər gün bu yoldan istifadə edən sakinlər aidiyyatı qurumlardan problemin qısa zamanda həll olunmasını və svetoforun saniyəölçəninin bərpa edilməsini xahiş edirlər.
















