Xaricdə təhsil vəd verən fırıldaqçı şirkətlərin tələsinə düşməmək və aldanmamaq üçün nə etmək lazımdır?
Azedu Təhsil Platformasının icraçı direktoru Elmin Nuri Avantaj.mediaya müsahibəsində bildirib:

“Bəzi xaricdə təhsil şirkətlərinin qeyri-loyal fəaliyyəti uzun illərdir ki, müəyyən zamanlarda müzakirə olunan əsas mövzulardandır. Xüsusən də yerli ali təhsil müəssisələrinə ixtisas seçimlərinin nəticəsi çıxdıqdan və bir qrup abituriyentin qəbul ola bilməməsindən sonra bu kimi şirkətlər yaranmış həssas durumdan sui-istifadəyə yol verirlər.
Sözsüz ki, aralarında həqiqətən peşəkar və şəffaf işləyən mərkəzlər var. Onlardan bəziləri hətta xaricdəki müəyyən sayda çox universitetin bailiyini, yəni rəsmi nümayəndəliyini də əldə ediblər. Deməli, özlərinə qarşı inam, etibar və peşəkar imic yarada biliblər. Amma elələri də var ki, sırf sui istifadə məqsədilə öz “xidmətlərini” təklif edirlər. Sözsüz ki, hüquq mühafizə orqanlarımız zaman-zaman bu kimi hallarla mübarizə aparıb, xeyli dələduzluq faktlarını aşkarlayıb və zəruri addımlar da atılıb. Amma təəssüf ki, hər il bu kimi “şirkətlər” haradansa peydə olur və qısa müddətdən sonra yoxa çıxırlar. Elə bu faktın özü də onların əsas mahiyyətini üzə çıxarır.
Burada edilməli olan əsad iş valideynlərin maarifləndirilməsi və onlar üçün müəyyən zəruri tövsiyələrin artırılması və il ərzində ictimai tanıtım, düzgün təbliğat hallarının artırılmasıdır. Valideyn övladını yalnız Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan etibarlı xarici universitetlərdən ibarət siyahıdakı ali təhsil ocaqlarına yollamalı və burada çox diqqətli olmalıdırlar. Çünki yalnız bu universitetlərin diplomları ölkə ərazisində tanınacaq.
ETN-in və onun tabeliyində olan TKTA-nın sırf bununla bağlı təlimat videolarına mütləq baxsınlar. Həmin videolarda hüquqi prosedurlardan, diplomların akkreditasiya məsələlərindən tutmuş, müraciət qaydalarına qədər hər şey detallı əksini tapıb. Xarici universitet üçün uğurlu motivasiya məktubunun yazılmasından tutmuş hər şeyə qədər var. Qalır bircə, mənimsəmək və icra etmək”.
Humay Cəfərova
















