Müasir dövrün əmək bazarında müşahidə olunan dinamika gənclərin karyera seçimlərində ciddi dəyişikliklərə yol açıb.
Avantaj.media-nın araşdırmasına görə gənc nəslin nümayəndələri daha çox çeviklik, yüksək gəlir və yaradıcılıq potensialı olan sahələrə üstünlük verirlər. Hazırda IT və proqramlaşdırma, süni intellektin tətbiqi, rəqəmsal marketinq, kontent yaradıcılığı, maliyyə texnologiyaları və UI/UX dizaynı kimi sahələr gənclərin ən çox axın etdiyi istiqamətlər sırasındadır. Bu peşələrin seçilməsində uzaqdan işləmək imkanı, hibrid iş rejimi və yüksək əməkhaqqı göstəriciləri həlledici rol oynayır.
Bununla belə, sözügedən sahələrdə işçi axını və peşə dəyişmə halları da kifayət qədər yüksəkdir. Ekspertlərin fikrincə, gənclərin işdən tez ayrılmalarının kökündə bir neçə əsas amil dayanır. İlkin mərhələdə sosial mediada formalaşan idealize olunmuş karyera təsəvvürləri ilə gündəlik iş reallıqları arasındakı uçurum gənclərdə məyusluq yaradır. Xüsusilə yüksək templi rəqəmsal sektorda müşahidə olunan davamlı “Onlayn” qalma məcburiyyəti və yüksək iş yükü peşəkar tükənməyə, yəni “Burnout” sindromuna gətirib çıxarır. Bundan əlavə, öyrənmə mühitinin zəif olması, inkişaf perspektivlərinin məhdudluğu və iş-həyat balansının qorunmaması gəncləri şirkətləri və hətta seçdikləri peşə sahələrini dəyişməyə təşviq edir.
Mütəxəssislər qeyd edirlər ki, gələcəyin kadr siyasətində sadəcə cəlbedici şərtlər təklif etmək kifayət deyil. Gənc istedadları bir məkanda saxlamaq üçün şirkətlər tərəfindən mentorluq proqramlarının tətbiqi, psixoloji dəstəyin təmin edilməsi və iş mühitinin çevik, şəffaf idarəetmə prinsiplərinə uyğunlaşdırılması vacibdir. Müasir gənclər üçün peşə seçimi artıq təkcə qazanc mənbəyi deyil, həm də şəxsi inkişaf və özünüifadə üçün bir vasitə kimi qiymətləndirilir, bu səbəbdən də işəgötürənlər üçün əsas çağırış qeyd olunan balansın qorunması olaraq qalır.
Elsa Abdullayeva
















