Ermənistan parlamentinin əvvəlki tərkibinin səlahiyyət müddəti başa çatmamış təcili sessiyası çağırılıb.
Avantaj xəbər verir ki , “Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan hökuməti belə bir təşəbbüslə çıxış edib.
“Ermənistan Respublikası Konstitusiyasının 100-cü maddəsinə və “Milli Məclisin Reqlamenti haqqında” Konstitusiya Qanununun 44-cü maddəsinə uyğun olaraq, hökumətin təşəbbüsü ilə 2 iyul saat 11:00-da müəyyən edilmiş gündəliklə Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq”, – deyə məlumatda deyilir.
Baş nazir Nikol Paşinyanın bu addımı Ermənistan ictimaiyyəti və müxalifət üçün siyasi sürpriz olub. Çünki növbədənkənar iclasın gündəliyinə 43 məsələnin daxil edildiyi bildirilsə də, müzakirə olunacaq mövzular hələ açıqlanmır.
Hazırkı tərkibdə üçdə iki səs çoxluğu hakim “Vətəndaş Müqaviləsi” partiyasına malik olduğundan Nikol Paşinyan bu imkandan istifadə edərək bir sıra qərarların qəbuluna çalışa bilər.
Söhbət “Vətəndaş Müqaviləsi” partiyasının təşəbbüsü ilə Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna dəyişikliklərin edilməsindən gedir.
Hələ fəaliyyət müddəti başa çatmamış parlamentdə konstitusion çoxluq Paşinyan hakimiyyətinə məxsusdur. Yeni tərkibdə isə hakim partiyanın 64 mandat əldə etməsi Paşinyanı bu şansdan məhrum edib.
Ona görə də Paşinyan qanunvericiliyi sadələşdirməklə yeni konstitusiyanın qəbuluna nail olmağa çalışır.
Qeyd edək ki, yeni təkliflərə görə, son 183 gün ərzində Ermənistan ərazisində yaşayan bütün vətəndaşlar seçkilərdə və referendumlarda səs vermək hüququna malikdir.
Müxalifət isə hesab edir ki, bununla xaricdə yaşayan yarım milyon erməni referendum prosesindən kənarda saxlanacaq və Paşinyan ali qanunu dəyişə biləcək.
















