Kinosevərlər arasında tez-tez müzakirə olunan mövzulardan biri də tamaşaçıya daha güclü təsir edən filmlərin hansı olmasıdır.
Bu mövzu ilə bağlı danışan rejissor Kənan MM Avantaj.mediaya müsahibəsində bildirib ki, suala birmənalı cavab vermək mümkün deyil:
“Bu suala birmənalı cavab vermək olmaz. Çünki tamaşaçının yaş kateqoriyasına, coğrafiyasına, hətta yaşadığı mədəni mühitə, rayona və ya şəhərə görə yanaşma dəyişir. O ki qaldı yaşanmış hadisələrə və yaxud yazıçıların qələmə aldığı əsərlərə, bunlar da fərqli anlayışlardır.
Məsələn, bəzən insanlar deyirlər ki, mənim həyatımı film etsəniz maraqlı olar. Amma oturub dinlədikdə görürsən ki, əslində həmin həyat hekayəsi elə də maraqlı deyil.
Əlbəttə, yaşanmış faciələr və real hadisələr insanlara daha çox təsir edə bilir. Çünki bunlar insan beyninin yaratdığı deyil, həyatın və təbiətin ortaya çıxardığı hadisələrdir. Amma yenə də bunun qəti cavabı yoxdur.
Digər tərəfdən, yazıçıların yaratdığı elə əsərlər var ki, müəllif həmin hekayəni yazarkən ona həqiqətən inanır, onu hiss edir və bütün emosiyalarını əsərə köçürür. Belə əsərlər ekranlaşdırıldıqda tamaşaçıya daha güclü təsir göstərə bilir”.
Humay Cəfərova
















