Vətəndaşın iddiası: “ŞAMFİ MMC” əmək müqaviləmə xəbərim olmadan xitam verib – maaş və məzuniyyət pulu ilə bağlı da şikayət var
Redaksiyamıza müraciət edən Əsədov Çapay Ramiz oğlu “ŞAMFİ MMC” ilə bağlı şikayətini bildirib.
Şikayətçi iddia edir ki, 2024-cü ilin dekabr ayından etibarən işə buraxılmayıb. Buna baxmayaraq, həmin müddətdə onun əmək müqaviləsinə xitam verilməyib.
Əsədov Çapay Ramiz oğlunun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsə də, şikayətinin həlli istiqamətində nəticə əldə olunmayıb.
Şikayətçi bildirir ki, 2026-cı il mayın 5-də isə onun məlumatı olmadan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilərək əmək münasibətlərinə xitam verilib.
Bundan əlavə, vətəndaş şirkətdə əməkhaqqının ödənilməsi ilə bağlı da narazılığını ifadə edib. O, maaşların düzgün hesablanmadığını və bəzi ödənişlərin rəsmi bank yolu ilə deyil, əldən nağd şəkildə verildiyini iddia edir.
Şikayətçi həmçinin məzuniyyət hüququndan istifadə etdiyi dövrə görə ona düşən məzuniyyət pulunu da “ŞAMFİ MMC”dən ala bilmədiyini bildirir.
Əsədov Çapay Ramiz oğlu hesab edir ki, əmək münasibətləri çərçivəsində bir sıra hüquqları pozulub və bununla bağlı məsələlərin araşdırılmasını istəyir.
Qeyd edək ki, əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə bağlı ola bilər.
“Avantaj.media” olaraq bildiririk ki, yazıda qeyd olunan hallar vətəndaşın iddiaları əsasında təqdim edilir. İddiaların həqiqətə uyğun olub-olmaması və əmək qanunvericiliyinin pozulub-pozulmadığı müvafiq dövlət qurumları tərəfindən araşdırıla bilər.
Məsələ ilə bağlı “ŞAMFİ MMC”nin mövqeyini öyrənməyə çalışacağıq. Şirkətin açıqlaması daxil olduğu halda qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənsurə Şirinova
Fatimə Əliyeva
















