Mayakda işləyənlərin peşəsi niyə dünyanın ən maraqlı işlərindən sayılır ?
Mayaklarda çalışan insanlar – mayak gözətçiləri – uzun illər dənizçilərin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıblar. Onların əsas vəzifəsi mayakın işığını, siqnal sistemlərini və digər avadanlıqları daim işlək vəziyyətdə saxlamaq, hava şəraitini izləmək və lazım gəldikdə nasazlıqları aradan qaldırmaq olub. Bu peşə səbir, məsuliyyət və təkliyə dözümlülük tələb edən ən çətin işlərdən biri hesab edilir.
“Avantaj.media”nın araşdırmasına görə, müasir GPS və avtomatik naviqasiya sistemlərinin inkişafı nəticəsində dünyanın bir çox mayakları artıq avtomatik rejimdə fəaliyyət göstərir. Buna görə də tam ştatlı mayak gözətçilərinin sayı xeyli azalıb. Bununla belə, bəzi tarixi və strateji əhəmiyyətli mayaklarda hələ də texniki işçilər və ya nəzarətçilər çalışır. Onlar avadanlıqların vəziyyətini yoxlayır, təmir işləri aparır və mayakın fasiləsiz işləməsini təmin edirlər.
Mütəxəssislər bildirirlər ki, mayak gözətçisi peşəsi bu gün nadir peşələrdən biri sayılsa da, dənizçilik tarixinin ayrılmaz hissəsidir. Bir çox ölkədə köhnə mayaklar qorunaraq muzey və turizm obyektinə çevrilib, bu peşənin irsi isə gələcək nəsillərə tanıdılır.
Mələk Nəsirli
















