“Avantaj.media” xəbər verir ki, Azərbaycan teatrı və dramaturgiyasının yaranmasında əhəmiyyətli rol oynayan dahilərdən biri də Axundzadədir. Hamıya məlumdur ki, o, Azərbaycan dramaturgiyasının və komediyasının banisidir. Azərbaycan dramaturgiyasının əsası onun komediya janrında qələmə aldığı əsərlərlə qoyulmuşdur.
Onun həyat tarixçəsinə nəzər salsaq, Axundzadənin ilk təhsili dini təhsil idi. Daha sonra o, xəttatlığı, Şərq elmlərini və digər elmləri öyrənir. Axundzadə bədii yaradıcılığa şeirlə başlayır. “Səbuhi” təxəllüsü ile şeirlər yazırdı. O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
Mirzə Fətəli Axundzadənin yaradıcılığı həm teatrda, həm də ümumi Azərbaycan ədəbiyyatında aktualdır. Axundzadə məşhur altı komediyası ilə öz adını yaddaşlara həkk etdirmişdir. Bu əsərlər elə qiymətli sənət nümunələridir ki, onlar təkcə ölkə daxilində deyil, xaricdə də böyük maraq və rəğbətlə qarşılanmışdır.
Axundzadə yaradıcılığında maarifçiliyi təbliğ edirdi. Əsasən də Avropa maarifçiliyinə müraciət etmişdir. Onun komediya əsərlərində mövhumat, cəhalət, gerilik kimi mövzular işıqlandırılmışdı. Onun komediya janrında əsərlər qələmə alması da təsadüfi deyildi. Axundzadə məhz bu janrla, gülüş vasitəsilə cəmiyyətə öz fikirlərini çatdırmağa çalışırdı.
Axundzadə yaradıcılığının aktuallığının bir çox səbəbi var. Axundzadə fanatizmi, xurafatı, kor-koranə inancları tənqid edirdi. Rüşvətxorluq, ədalətsizlik, yalan, ikiüzlülük və vəzifədən sui-istifadə kimi problemləri satirik şəkildə göstərirdi. Bu mövzular bu gün də aktuallığını itirməyib. Nəticə olaraq, Axundzadənin əsərləri yalnız tarixi dövrü əks etdirmir, həm də cəmiyyətin daim qarşılaşdığı problemləri işıqlandırır. Bu gün də Axundzadənin əsərləri oxunur, səsləndirilir və nümayiş etdirilir.
Gülşən Heydərova
















