Avantaj.media nın araşdırmasına görə, münasibətlərdə ünsiyyətin forması tərəflərin psixoloji vəziyyətinə birbaşa təsir edir. Xüsusilə günahlandırıcı, alçaldıcı və ya müqayisə xarakterli suallar kişilərdə özünəinamın azalmasına, stresə və münasibətlərdə gərginliyin artmasına səbəb ola bilər.
Psixoloqların fikrincə, “Sən heç nəyi bacarmırsan?”, “Niyə filankəs kimi deyilsən?” və ya “Əgər məni sevsəydin, bunu edərdin” kimi ifadələr qarşı tərəfdə müdafiə reaksiyası yaradır və konstruktiv dialoqu çətinləşdirir. Bu cür suallar kişinin şəxsi keyfiyyətlərini və ya dəyərini sorğuladığı üçün emosional narahatlıq yarada bilir.
Araşdırmalar göstərir ki, davamlı tənqid və müqayisə münasibətlərdə etimadın zəifləməsinə, tərəflər arasında emosional məsafənin yaranmasına səbəb ola bilər. Mütəxəssislər problemlərin ittiham dili ilə deyil, hiss və ehtiyacların açıq şəkildə ifadə olunması ilə həll edilməsini tövsiyə edirlər.
Psixoloqlar hesab edirlər ki, “Sən məni heç vaxt dinləmirsən” əvəzinə “Mən danışanda dinlənilməyə ehtiyac duyuram” kimi ifadələr daha sağlam ünsiyyət qurmağa kömək edir. Onların sözlərinə görə, münasibətlərin möhkəm qalması üçün tərəflərin bir-birinə hörmətlə yanaşması və emosiyalarını düzgün ifadə etməsi vacib amillərdən biridir.
















