Müasir dövrdə smartfonlar insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, mesajlaşma tətbiqləri və video platformalar səbəbilə bir çox insan günün son dəqiqələrini belə telefon ekranı qarşısında keçirir. Xüsusilə yatmazdan əvvəl telefon istifadəsi artıq adi vərdiş halını alıb. Lakin mütəxəssislər bu davranışın yuxu keyfiyyətinə ciddi təsir etdiyini bildirirlər.
“Avantaj.media”nın araşdırmasına görə, telefon ekranından yayılan mavi işıq beynin bioloji ritminə təsir göstərir. Bu işıq yuxunu tənzimləyən melatonin hormonunun ifrazını azaldır. Normalda melatonin axşam saatlarında artır və bədəni yuxuya hazırlayır, lakin ekran işığı bu prosesi ləngidir. Nəticədə insan yuxuya getməkdə çətinlik çəkir, daha uzun müddət oyaq qalır. Bundan başqa, telefon istifadəsi yalnız işıq təsiri ilə məhdudlaşmır. Sosial şəbəkələrdə sürətli dəyişən görüntülər, videolar və emosional məzmun beynin aktivliyini artırır. İnsan məlumat axınına məruz qaldığı üçün beyin “istirahət rejimi”nə keçə bilmir. Bu da həm yuxuya keçidi gecikdirir, həm də yuxunun dərin mərhələlərini zəiflədir. Araşdırmalar göstərir ki, yatmazdan əvvəl uzun müddət telefon istifadə edən insanlarda gecə ərzində oyanmalar daha çox olur və ümumi yuxu müddəti daha keyfiyyətsiz keçir. Bu vəziyyət təkcə gecə ilə məhdudlaşmır; səhər yorğunluq, diqqət dağınıqlığı, əsəbilik və gün ərzində məhsuldarlığın azalması kimi nəticələr yarada bilər. Uzunmüddətli davam etdikdə isə stress səviyyəsinin artması və ümumi sağlamlığın zəifləməsi riski də yüksəlir.
Mütəxəssislər daha sağlam yuxu üçün yatmazdan ən azı 30–60 dəqiqə əvvəl telefon və digər elektron cihazlardan uzaq durmağı tövsiyə edirlər. Bu vaxtı kitab oxumaq, sakit musiqi dinləmək, nəfəs məşqləri etmək və ya sadəcə rahatlamaq yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Kiçik görünən bu dəyişiklik uzun müddətdə həm yuxu rejimini, həm də ümumi həyat keyfiyyətini müsbət şəkildə təsir edir.
Mələk Nəsirli
















