“Avantaj.media”nın araşdırmasına görə qırmızı tükləri, iti baxışları və səssiz addımları ilə əsrlərdir insanların təxəyyülünü bəzəyən tülkülər “hiyləgər” heyvan kimi tanınır. Nağıllarda və əfsanələrdə ağlı ilə hamını aldadan bu obraz,gerçək həyatda elm adamlarının araşdırmalarında fərqli mənzərə ortaya qoyur.
Zooloqlar bildirirlər ki, tülkülərin hiyləgər sayılması elmi fakt deyil, əsrlər boyu formalaşmış folklor təsəvvürüdür. Əslində bu heyvanlar yüksək müşahidə qabiliyyətinə, güclü yaddaşa və sürətli qərarvermə bacarığına malikdir. Ov zamanı səbirlə gözləmələri, doğru anı seçmələri və müxtəlif üsullarla qida əldə etmələri onların hiyləgər deyil, ağıllı və çevik canlılar olduğunu göstərir. Araşdırmalar həmçinin göstərir ki, tülkülər dəyişən mühitə asan uyğunlaşır. Onlar meşələrdə olduğu kimi şəhər kənarlarında da yaşaya, qidalarını gizlədərək sonradan tapa və təhlükələrdən minimum itki ilə uzaqlaşa bilirlər. Mütəxəssislər bu xüsusiyyətləri yüksək uyğunlaşma qabiliyyətinin və inkişaf etmiş davranış strategiyalarının nəticəsi hesab edirlər.
Alimlərin fikrincə, “hiyləgər tülkü” obrazı daha çox nağılların mirasıdır. Təbiətdə isə tülkü aldatmağa çalışan deyil, yaşamaq uğrunda zəkasından istifadə edən bir canlıdır. Bəzən əsrlərin yaratdığı miflər elmin ortaya qoyduğu həqiqətlərdən daha güclü görünür. Lakin bu dəfə faktlar göstərir ki, tülkünün ən böyük sirri hiyləgərliyi deyil, təbiətin ona bəxş etdiyi ağıldır.
Mələk Nəsirli
















