Mədə Xərçəngindən qorunmaq üçün insanlar hansı qidalardan uzaq durmalıdır və gündəlik həyatda hansı vərdişlərini dəyişməlidirlər
Qastroenteroloq-terapevt Dr. Nuranə Məhərrəmova Avantaj.media-ya müsahibəsində mədə xərçəngi ilə bağlı danışıb:

“Mədə xərçəngi mövzusu bir qədər mürəkkəbdir, çünki onun qarşısını tam şəkildə almaq mümkün deyil. Bildiyiniz kimi, burada genetik faktorlar da mühüm rol oynayır. Lakin bəzi vacib məqamlar var ki, həyat tərzini və qidalanma vərdişlərini dəyişməklə riski azaltmaq mümkündür.
İlk növbədə gündəlik həyatda zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Əgər insan siqaret çəkirsə və ya alkoqollu içkilərdən istifadə edirsə, mütləq bu vərdişləri tərk etməlidir.
Bundan əlavə, emal olunmuş qidaların qəbulunu minimuma endirmək tövsiyə olunur. Bunlara hisə verilmiş balıq məhsulları, kolbasa, sosiska, vetçina və digər emal olunmuş ət məhsulları daxildir. Həmçinin yeməklər hazırlanarkən onların həddindən artıq yandırılmamasına diqqət yetirilməlidir. Çox qızardılmış və yanmış qidalarda kanserogen maddələr əmələ gəlir ki, bu da mədə xərçəngi riskini artıra bilər.
Qidalanma zamanı duz qəbuluna da xüsusi diqqət yetirilməlidir. Mən hər zaman tövsiyə edirəm ki, yeməyin öz tərkibində olan duz kifayət etsin və əlavə duz istifadəsi minimum olsun. Çünki həddindən artıq duzlu qidalar da mədə xərçəngi riskini artıran amillər sırasındadır.
İnsanlar daha çox təzə hazırlanmış yeməklərə üstünlük verməlidirlər. Meyvə, tərəvəz, lifli qidalar və sağlam qidalanma prinsipləri gündəlik rasionun əsas hissəsini təşkil etməlidir. Eyni zamanda müntəzəm fiziki aktivlik vacibdir və artıq çəkinin yaranmasının qarşısı alınmalıdır.
Əgər insanda iştahsızlıq, səbəbsiz çəki itkisi, qanazlığı və ya mədə ilə bağlı digər şikayətlər müşahidə olunursa, vaxt itirmədən həkimə müraciət edilməlidir. Çünki bu əlamətlər mədə xəstəlikləri ilə əlaqəli ola bilər.
Bir vacib məqamı da vurğulamaq istəyirəm. Mədədə yerləşən Helicobacter pylori adlı bakteriya mövcuddur. Bu bakteriya əksər hallarda özünü açıq şəkildə göstərmir və yalnız müayinə zamanı aşkarlanır. Əgər ailədə və ya yaxın qohumlarda mədə xərçəngi halları olubsa, risk qrupuna daxil olan şəxslər ildə ən azı bir dəfə müayinədən keçməlidirlər. Bu bakteriyanın vaxtında aşkarlanıb müalicə olunması gələcəkdə mədə xərçəngi riskinin azalmasına kömək edə bilər”.
Humay Cəfərova
















