Sentyabrın 25-26-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Avantaj.media xəbər verir ki , Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək.
Forum çərçivəsində müzakirələrdə Azərbaycanın etibarlı enerji tərəfdaşı və tranzit qovşağı kimi formalaşmış mövqeyindən sənaye istehsalı, investisiya və regional dəyər zəncirlərinin inkişafını dəstəkləyən daha geniş iqtisadi platformaya çevrilməsi xüsusi diqqət mərkəzində olacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platformadır. Beynəlxalq tədbir çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, aqrar, su resursları, idman sahələrini əhatə edən mühüm sənədlərin imzalanması gözlənilir.
















