Dünyada elə yerlər var ki, burada günəş aylarla batmır – bu necə mümkündür ?
“Avantaj.media”nın nəzərdən keçirdiyi astronomik məlumatlar göstərir ki, Yer oxunun təxminən 23,5 dərəcə meyilli olması səbəbindən qütblərə yaxın bəzi ərazilərdə yay aylarında Günəş uzun müddət üfüqdən aşağı enmir.
Bu hadisə qütb günü və ya “gecəyarısı Günəşi” kimi tanınır. Hadisə əsasən Şimal və Cənub qütb dairələrinə yaxın ərazilərdə müşahidə olunur.
Yerin Günəş ətrafında hərəkəti zamanı planetin oxunun meyilliyi dəyişmədiyi üçün ilin müxtəlif dövrlərində qütblərdən biri Günəşə daha çox tərəf yönəlir.
Şimal yarımkürəsində yay zamanı Arktikaya yaxın bölgələr Günəşə tərəf əyilmiş vəziyyətdə olur. Nəticədə Günəş gün ərzində üfüqdən aşağı düşmür.
Qütbə yaxınlaşdıqca bu dövr daha uzun olur. Qütbün özündə isə Günəşin təxminən altı ay üfüqdə, altı ay isə üfüqün altında qalması ilə nəticələnən ekstremal vəziyyət yaranır.
Bu hadisənin əksinə qış aylarında həmin ərazilərdə qütb gecəsi yaşanır. Bu zaman Günəş uzun müddət üfüqdən görünmür.
Qütb günü insanların gündəlik həyatına da təsir göstərə bilər. Gecə saatlarında belə işığın davam etməsi yuxu rejimini çətinləşdirə bildiyindən bəzi insanlar otaqlarını tam qaraldan pərdələrdən istifadə edirlər.
Mütəxəssislərin fikrincə, gecəyarısı Günəşi Yer kürəsinin Günəş ətrafında hərəkətinin və planetimizin oxunun meyilliliyinin ən maraqlı nəticələrindən biridir.
Mələk Nəsirli
















