Dünyanın ilk cizgi filmi , Animasiya tarixini dəyişən “Fantasmagorie”
Animasiya dünyasının başlanğıcı bu gün izlədiyimiz rəngarəng cizgi filmlərindən xeyli əvvəl qoyulub. Tarixdə ilk ənənəvi animasiya filmlərindən biri kimi “Fantasmagorie” xüsusi əhəmiyyət daşıyır. Film 1908-ci ildə fransız karikaturaçı və animator Émile Cohl tərəfindən hazırlanıb.
“Avantaj.media-nın araşdırmasına görə”, “Fantasmagorie”nin hazırlanması üçün yüzlərlə əl ilə çəkilmiş təsvir bir-birinin ardınca lentə alınıb. Təxminən iki dəqiqəlik film ağ fonda qara xətlərdən ibarət sadə, lakin o dövr üçün olduqca yenilikçi təsvirlərdən qurulmuşdu.
Filmin əsas qəhrəmanı müxtəlif qəribə və fantastik vəziyyətlərə düşən cizgi obrazıdır. Obrazın forması, ətrafındakı əşyalar və hadisələr davamlı şəkildə dəyişir. Bu dəyişikliklər animasiyanın əsas xüsusiyyətlərindən biri olan hərəkət illüziyasını yaradır.
Émile Cohl filmdə klassik hekayəçilikdən daha çox təsəvvür və vizual oyunlardan istifadə edib. Buna görə “Fantasmagorie” yalnız texniki yenilik deyil, həm də animasiyanın müstəqil sənət növünə çevrilməsində mühüm addımlardan biri hesab olunur.
Bu gün Disney, Pixar və digər böyük studiyaların hazırladığı mürəkkəb animasiyaları nəzərə alsaq, 1908-ci ilin sadə qara-ağ təsvirləri olduqca primitiv görünə bilər. Lakin məhz belə ilk təcrübələr sonradan inkişaf edən nəhəng animasiya sənayesinin təməlini qoydu.
Nazim Xeyrxəbərli
















