Evdə istifadə olunan işıqlandırma həm rahatlığa, həm də sağlamlığa birbaşa təsir göstərir. Bir çox insan evini işıqlandırarkən ağ və ya sarı işıq arasında seçim etməkdə çətinlik çəkir. Bəs hansı daha yaxşıdır?
Avantaj.media-nın araşdırmasına görə, işıq seçimi ilk növbədə otağın təyinatından asılıdır. Mütəxəssislər bildirirlər ki, sarı işıq daha isti və rahat atmosfer yaratdığı üçün insanın özünü daha komfortlu hiss etməsinə kömək edir. Bu səbəbdən yataq otağı və qonaq otağı kimi istirahət üçün nəzərdə tutulmuş məkanlarda sarı işıq daha çox tövsiyə olunur.
Ağ işıq isə daha parlaq və canlı görünür. O, diqqəti artırdığı üçün iş otaqları, mətbəx və oxu guşələri üçün daha uyğun hesab edilir. Ağ işıq altında əşyaların rəngləri daha aydın seçilir və görmə rahatlığı artır.
Mütəxəssislər qeyd edirlər ki, axşam saatlarında çox parlaq ağ işığa məruz qalmaq bəzi insanlarda yuxu rejiminin pozulmasına səbəb ola bilər. Sarı işıq isə gün batımına bənzər təsir yaratdığı üçün orqanizmin istirahətə hazırlaşmasına kömək edir.
Araşdırmalara əsasən, son illərdə bir çox ailələr isti ağ işıq adlandırılan orta variantı seçirlər. Bu işıq nə çox sarı, nə də çox ağ olur və həm rahatlıq, həm də funksionallıq baxımından balans yaradır.
Beləliklə, ev üçün ideal seçim yaşayış tərzindən və otağın funksiyasından asılıdır. Lakin mütəxəssislərin əksəriyyəti gündəlik istifadə üçün sarıya yaxın isti ağ işığın həm göz sağlamlığı, həm də rahat mühit yaratmaq baxımından daha əlverişli olduğunu bildirirlər.
Humay Cəfərova
















