İctimaiyyəti narahat edən ən vacib məsələlərdən biri də küçə heyvanları problemidir. Bu, yalnız ayrı-ayrı şəxslərin və ya hər hansı bir qurumun deyil, bütövlükdə cəmiyyətin ortaq problemidir.
Xüsusilə Bakıda, eləcə də rayon və qəsəbələrdə sahibsiz heyvanların sayı son illərdə artmaqdadır. Bu vəziyyət bəzi hallarda sakinlər, xüsusilə məktəblilər üçün təhlükə yarada bilir. Söhbət əsasən aqressiv davranış nümayiş etdirən sahibsiz itlərdən gedir. Nəzarətsiz şəkildə çoxalan bu heyvanlar təkcə azyaşlılar üçün deyil, böyüklər üçün də risk yarada bilər.
Küçə heyvanları probleminin əsas səbəblərindən biri vətəndaşların ev heyvanlarını küçəyə tərk etməsidir. Mütəxəssislər hesab edirlər ki, bu problemin qarşısını almaq üçün ev heyvanlarının məsuliyyətli saxlanılması ilə bağlı maarifləndirici tədbirlər genişləndirilməli, eyni zamanda heyvanlarını küçəyə atan şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
“Avantaj.media” xəbər verir ki, mütəxəssislərin fikrincə, problemin həlli üçün sterilizasiya proqramlarının genişləndirilməsi, heyvanların qeydiyyata alınması və çiplənməsi, yeni sığınacaqların yaradılması, eləcə də əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir. Bununla yanaşı, ev heyvanlarını küçəyə atan şəxslərin məsuliyyətə cəlb olunması da problemin həllində mühüm rol oynaya bilər.
Küçə heyvanları problemi yalnız insanların sahibsiz itlərin hücumuna məruz qalması ilə məhdudlaşmır. Təəssüf ki, heyvanlara qarşı zorakılıq halları da müşahidə olunur. Bu cür davranışlar həm heyvanların rifahına zərər vurur, həm də cəmiyyətdə zorakılıq meyllərinin artmasına səbəb ola bilər. Buna görə də heyvanların qorunması ilə yanaşı, insanlarda mərhəmət və məsuliyyət hissinin formalaşdırılması istiqamətində də maarifləndirmə işləri aparılmalıdır. Xüsusilə məktəblərdə bu mövzu ilə bağlı təlim və maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, dövlət qurumları, bələdiyyələr, heyvansevərlər və vətəndaşların birgə əməkdaşlığı nəticəsində küçə heyvanları probleminin daha humanist və səmərəli şəkildə həllinə nail olmaq mümkündür.
Gülşən Heydərova
















