Yay mövsümünün gəlişi, tətil və məzuniyyətlərin kütləvi hal alması ilə Azərbaycanda daxili turizm sektorunda ciddi aktivlik müşahidə olunur.
Avantaj.media xəbər verir ki,paytaxtın bürkü havasından uzaqlaşmaq istəyən yerli sakinlər və ölkəmizə gələn xarici qonaqlar, üstünlüyü regional turlara və bölgələrdəki istirahət mərkəzlərinə verirlər.
Dövlət Turizm Agentliyinin və nəqliyyat qurumlarının göstəriciləri bu il daxili turizm marşrutlarında sərnişin axınının pik həddə çatdığını göstərir. Bölgələrə artan sərnişin və turist axınını operativ tənzimləmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) yay qrafikinə keçid edib.
Regional istiqamətlərdə hərəkət edən qatarların həm reys sayı artırılıb, həm də vaqon tərkibi genişləndirilib. Turizm mütəxəssislərinin fikrincə, son illərdə Bakıdan kənarda infrastrukturun təkmilləşdirilməsi, Bakı-Gəncə-Qəbələ dəmir yolu əlaqəsinin yaradılması və bölgələrdə fərqli büdcələrə uyğun yerləşmə yerlərinin artması “çoxşaxəli turizm” modelini gücləndirib.
Artıq xarici turistlər paytaxtda yalnız 2-3 gün keçirir, tətilin qalan hissəsini isə birbaşa rayonlarda davam etdirirlər. Qiymətlər və Doluluq Səviyyəsi yay mövsümünün pik dövrü (iyul-avqust) ilə əlaqədar olaraq bölgələrdəki hotellərin doluluq səviyyəsi 85-95% arasında dəyişir. Ekspertlər rayona səyahət planlaşdıran şəxslərə sıxlığı nəzərə alaraq biletləri və qalacaqları yerləri ən azı 1-2 həftə öncədən bron etməyi tövsiyə edirlər.
Azərbaycan regional turizmdə yalnız daxili bazar hesabına deyil, Avropadan gələn turist sayındakı artım (cari ilin ilk yarısında Qərbi Avropadan gələnlərin sayında 29% artım qeydə alınıb) hesabına da yay mövsümünü yüksək rentabelliklə başa vurmağı hədəfləyir.
Soltanova Nuray
















