Beynəlxalq məsələlər üzrə tədqiqatçı: “Qlobal münaqişələr Azərbaycan üçün həm risklər, həm də yeni imkanlar yaradır”
Hazırda dünyada baş verən münaqişələr təkcə həmin proseslərdə iştirak edən dövlətlərin deyil, qlobal sistemin bir hissəsi olan bütün ölkələrin maraqlarına və inkişafına təsir göstərir. Azərbaycan da bu proseslərdən kənarda deyil.
Bu fikirləri beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Avantaj.media-ya açıqlamasında səsləndirib.
Tədqiqatçının sözlərinə görə, Azərbaycanın geosiyasi mövqeyi, enerji resursları və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəni qlobal proseslərin birbaşa təsirinə məruz qoyur:
“Azərbaycan dünyanın ayrılmaz hissəsidir. Ölkəmiz mühüm geosiyasi məkanda yerləşir, enerji resurslarına malikdir və beynəlxalq tranzit marşrutlarının üzərində yerləşən strateji dövlətlərdən biridir. Bu səbəbdən dünyada baş verən istənilən siyasi və iqtisadi proseslər Azərbaycana da müəyyən dərəcədə təsir edir.”
Həşim Səhrablı qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Azərbaycan üçün həm müəyyən çətinliklər yaradıb, həm də yeni imkanlar açıb:
“Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur. Müharibə bu münasibətlərə müəyyən təsirlər göstərsə də, eyni zamanda Avropaya Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətini daha aydın şəkildə nümayiş etdirdi. Xüsusilə enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın rolu daha da artdı.”
Beynəlxalq məsələlər üzrə tədqiqatçı bildirib ki, İran ətrafında və Yaxın Şərqdə baş verən hadisələr də Azərbaycan üçün diqqətlə izlənilməli olan proseslər sırasındadır:
“Regionda baş verən bütün dəyişiklikləri dərindən təhlil etməli, mümkün ssenariləri öncədən proqnozlaşdırmalı və xarici siyasətimizi buna uyğun formalaşdırmalıyıq. Çünki qlobal miqyasda yaranan siyasi və iqtisadi böhranlar bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir.”
Onun fikrincə, hazırda dünya yeni geosiyasi və iqtisadi düzənin formalaşması mərhələsindədir. Bu prosesdə Azərbaycanın əlverişli mövqeyi ölkəyə əlavə üstünlüklər qazandıra bilər:
“Yeni dünya düzəni formalaşdıqca Azərbaycan Şərq-Qərb və Şimal-Cənub əməkdaşlığının əsas mərkəzlərindən birinə çevrilə bilər. Mövcud geosiyasi şərait bəzi ənənəvi marşrutların etibarlılığını azaldıb. Bu isə Azərbaycan üzərindən keçən nəqliyyat və ticarət dəhlizlərinin əhəmiyyətini artırır.”
Həşim Səhrablı vurğulayıb ki, Azərbaycanın balanslaşdırılmış və tərəfsiz xarici siyasəti də ölkənin üstünlüklərindən biridir:
“Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərini qoruyub saxlaya bilən nadir dövlətlərdəndir. Bu isə ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan əlavə imkanlar yaradır.”
Beynəlxalq məsələlər üzrə tədqiqatçı hesab edir ki, Azərbaycan qlobal hadisələrə həm risklər, həm də imkanlar prizmasından yanaşmalıdır:
“Bu gün dünyanın üzləşdiyi çətinliklərdən Azərbaycan da təsirlənir. Lakin eyni zamanda yeni imkanlar yaranır. Əsas məsələ bu imkanları vaxtında müəyyənləşdirmək, gələcək üçün düzgün strategiya hazırlamaq və ölkənin maraqlarına uyğun siyasət həyata keçirməkdir.”
















