“Zira Port” ərazisində gecə saatlarında dəniz qumunun qanunsuz çıxarılması və satılması İDDİA olunur
Avantaj.media-nın qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən “Zira Port” limanı ərazisində dəniz qumunun gecə saatlarında xüsusi qurğu vasitəsilə çimərlik ərazisindən çıxarılaraq daşındığı və satıldığı iddia edilir.
Qaynar xəttə daxil olan məlumatda bildirilir ki, liman ərazisində gəmiyə yerləşdirildiyi iddia olunan xüsusi qurğu vasitəsilə çimərlikdən dəniz qumu çıxarılır. İddiaya görə, bu proses əsasən gecə saatlarında həyata keçirilir.
Məlumatda diqqətçəkən digər məqam isə əraziyə giriş-çıxışla bağlıdır. Belə ki, iddiaya görə, gündüz saatlarında yol nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanır, gecə saatlarında isə yük maşınlarının əraziyə daxil olaraq çimərlikdən çıxarıldığı iddia olunan qumu daşıması üçün yol açılır.
Qaynar xəttə müraciət edən şəxsin sözlərinə görə, çıxarılan qum müxtəlif istiqamətlərə, o cümlədən tikinti materialları bazarlarına daşınaraq satışa çıxarılır.
Bundan başqa, məlumatı təqdim edən şəxs təbii sərvətin çıxarılması və daşınmasını həyata keçirən şəxslərin müvafiq rəsmi icazə və sənədlərə malik olmadığını iddia edir.
Əgər sözügedən iddialar öz təsdiqini taparsa, burada yalnız qanunvericiliyin pozulması deyil, həm də sahilyanı ərazilərin ekoloji vəziyyətinə mümkün zərər məsələsi gündəmə gələ bilər.
Avantaj.media olaraq bildiririk ki, qeyd olunan məlumatlar hazırda yalnız qaynar xəttə daxil olan müraciət və iddialara əsaslanır. Faktların dəqiqləşdirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının mövqeyini öyrənməyə hazırıq.
Sözügedən ərazidən dəniz qumunun çıxarılması ilə bağlı hər hansı rəsmi icazənin olub-olmaması, qumun hara daşındığı və satışının hansı əsaslarla həyata keçirildiyi suallarına aidiyyəti qurumların aydınlıq gətirməsi gözlənilir.
Mövzu ilə bağlı araşdırmanı davam etdirəcəyik.
















