Salahlı Group şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.
Redaksiyamıza müraciət edən Qasımov Zaur “Salahlı Group” tikinti şirkəti tərəfindən aldadıldığını İDDİA edib.
Vətəndaşın redaksiyamıza təqdim etdiyi video görüntülərdə özünü şirkətin əməkdaşı kimi təqdim edən şəxsin ondan 27 min manat ilkin ödəniş aldığı və Mingəçevir şəhərində ev tikiləcəyini vəd etdiyi əksini tapıb.
Qasımov Zaurun sözlərinə görə, ödəniş həyata keçirildikdən sonra şirkətlə əlaqə saxlamaq çətinləşib. Vətəndaş İDDİA edir ki, şirkət ya telefon zənglərinə cavab verməyib, ya da göndərilən mesajlara reaksiya göstərməyib.
Onun sözlərinə görə, şirkət əməkdaşı ilə əlaqə saxlamaq mümkün olduqda isə ona tikintiyə başlamaq üçün icazə alınmasının vacib olduğu bildirilib.
Vətəndaşın İDDİASINA görə, şirkət əməkdaşı ona belə deyib:
“Gedin tikintinin icazəsini alın, ondan sonra başlayaq. Tikinti icazəsi almaq 5000 AZN-dir.”
Qasımov Zaur isə bildirir ki, sözügedən torpaq sahəsinə dair sənədlər qaydasındadır və 27 min manat ödəniş edilərkən ona tikinti icazəsi ilə bağlı əlavə xərc və ya belə bir tələb barədə məlumat verilməyib.
Vətəndaş həmçinin İDDİA edir ki, məsələ ilə bağlı şirkətə müraciət etdikdə ona “hara şikayət edirsinizsə, edin” məzmununda cavab verilib və şikayətinin nəticəsiz qalacağı bildirilib.

Qeyd edək ki, “Salahlı Group”la bağlı redaksiyamıza daxil olan ilk şikayət bu deyil. Daha əvvəl də həmin şirkətdə çalışdığını bildirən bir fəhlə redaksiyamıza müraciət edərək əməkhaqqını ala bilmədiyini İDDİA etmişdi.
Hazırkı müraciətlə bağlı səsləndirilən iddiaların nə dərəcədə əsaslı olub-olmadığını müəyyən etmək üçün qarşı tərəfin mövqeyi də əhəmiyyətlidir.
Məsələ ilə bağlı “Salahlı Group”un mövqeyini dərc etməyə hazırıq.
Məsələyə qayıdacağıq…
















