Yay aylarında avtomobili bir neçə dəqiqə günəş altında saxlamaq belə salonun temperaturunun sürətlə yüksəlməsinə səbəb olur. Araşdırmalar göstərir ki, çöldə temperatur 30–35 dərəcə olduqda avtomobilin içərisi qısa müddətdə 60–70 dərəcəyə, bəzi hallarda isə daha yüksək həddə çata bilir. Belə şəraitdə avtomobildə saxlanılan əşyalar, xüsusilə də qida və içki qabları istiliyin təsirinə məruz qalır. Son illərdə geniş istifadə olunan qatlanan və elastik kauçuk, daha doğrusu qida üçün nəzərdə tutulmuş silikon su şüşələrinin yay aylarında avtomobildə saxlanmasının təhlükəsiz olub-olmaması isə tez-tez müzakirə edilir.
“Avantaj.media”nın araşdırmasına görə, qida ilə təmas üçün istehsal edilmiş yüksək keyfiyyətli silikon su şüşələri adi birdəfəlik plastik butulkalardan daha dayanıqlı hesab olunur. Silikon material yüksək temperatur dəyişikliklərinə davamlıdır və sertifikatlı məhsullarda istilik nəticəsində zərərli maddələrin suya keçməsi ehtimalı olduqca aşağı qiymətləndirilir. Bununla belə, bu, şüşənin istənilən şəraitdə avtomobildə saxlanmasının tam təhlükəsiz olduğu anlamına gəlmir. Keyfiyyətsiz və mənşəyi məlum olmayan məhsullar yüksək temperaturun təsiri ilə deformasiyaya uğraya, xoşagəlməz qoxu yarada və materialın xüsusiyyətlərini itirə bilər. Bu səbəbdən mütəxəssislər yalnız qida üçün sertifikatlaşdırılmış silikon su şüşələrinin alınmasını tövsiyə edirlər. Digər vacib məqam isə suyun öz keyfiyyətidir. Yüksək temperatur yalnız qabın materialına deyil, suyun dadına və təmizliyinə də təsir edə bilər. Şüşə uzun müddət avtomobildə qaldıqda ilıq su bakteriyaların çoxalması üçün daha əlverişli mühit yarada bilər. Xüsusilə şüşə istifadə edildikdən sonra yaxşı yuyulmayıbsa və ya içərisində başqa içkilər saxlanılıbsa, gigiyena riski artır. Buna görə də mütəxəssislər suyun hər gün yenilənməsini, şüşənin mütəmadi isti su və uyğun təmizləyici vasitələrlə yuyulmasını məsləhət görürlər.
Bəzi insanlar kauçuk və silikon anlayışlarını eyni hesab etsələr də, onlar fərqli materiallardır. Keyfiyyətli su şüşələrinin əksəriyyəti təbii kauçukdan deyil, qida üçün təhlükəsiz hesab olunan silikon materialdan hazırlanır. Əgər məhsulun tərkibi, istehsalçısı və ya qida təhlükəsizliyi sertifikatı barədə məlumat yoxdursa, onu yüksək temperaturda istifadə etmək riskli ola bilər. Buna görə məhsul alarkən materialın qida üçün uyğunluğu, istehsal standartları və istifadə təlimatı mütləq yoxlanılmalıdır.
Nəticə etibarilə, keyfiyyətli silikon su şüşəsini yayda avtomobildə saxlamaq adi plastik butulkadan daha təhlükəsiz hesab edilsə də, onu saatlarla qızmar günəş altında qoymaq yenə də tövsiyə edilmir. Mütəxəssislər mümkün olduqda su şüşəsini kölgədə saxlamağı, avtomobildə uzun müddət buraxmamağı, suyu mütəmadi yeniləməyi və hər istifadədən sonra qabı yaxşı təmizləməyi məsləhət görürlər. Bu sadə qaydalar həm suyun keyfiyyətini qorumağa, həm də sağlamlıq risklərini minimuma endirməyə kömək edir.
Nazim Xeyrxəbərli
















