“Bu günkü gündə gənc qızları pulsuz içkiyə və qəlyana çağıran məkan sahibkarları bu cəmiyyətin pozulmasında bir nömrəli günahkardır”
Avantaj.media xəbər portalının təsisçisi Emil Müzəffərli yazır :
Bu yazını yazmaq mənim üçün asan deyil. Çünki söhbət sadəcə bir reklamdan, bir kafedən, bir restorandan və ya bir gecəlik əyləncədən getmir. Söhbət yavaş-yavaş bizə “normal” kimi qəbul etdirilən bir düşüncə tərzindən gedir.
Bu gün bəzi məkanların reklamlarına baxırsan: “Qızlara içki pulsuz”, “qızlara qəlyan hədiyyə”, “qızlar üçün xüsusi gecə” və sair. Bəs sual vermək lazımdır: Siz gənc qızları niyə məhz bu yolla məkanınıza cəlb edirsiniz ?
Müştəri cəlb etmək üçün artıq xidmətin keyfiyyəti, mədəniyyət, musiqi, normal istirahət kifayət etmir ?
Niyə gənc qızın iştirakını ayrıca “reklam aləti”nə çevirmək lazımdır ?
Mənim fikrimcə, burada ən böyük məsuliyyət gənclərin deyil, onları bu şəkildə hədəfləyən biznes sahiblərinin üzərinə düşür.
Çünki biznes sahibi pul qazanmaq üçün nə etdiyini bilməlidir. O, reklamının cəmiyyətə hansı mesajı verdiyini də düşünməlidir.
Gənc qıza “sən gəl, içkin pulsuzdur” deməklə əyləncə mədəniyyəti yaratmırsan. Əgər bunu sistemli şəkildə edirsənsə, sən müəyyən davranış modelini kommersiyalaşdırırsan.
Daha acınacaqlısı isə odur ki, bəzi insanlar buna etiraz etmək əvəzinə bunu “müasirlik” adlandırırlar.
Müasirlik bu deyil.
Müasirlik gəncləri pulsuz içkiyə, qəlyana və gecə əyləncəsinə bağlamaq deyil. Müasirlik insanlara seçim imkanı yaratmaq, keyfiyyətli xidmət göstərmək, sağlam sosial mühit formalaşdırmaqdır.
Bir məkan öz reklamını gənc qızların görüntüsü və “pulsuz içki” üzərində qurursa, burada mənim üçün ciddi sual yaranır: Sizin satdığınız xidmət nədir – əyləncə, yoxsa bu görüntünün özü ?
Əlbəttə, yetkin insanların öz seçimləri var və heç kimin şəxsi həyatına qarışmaq niyyətində deyiləm. Amma biznes sahibinin də seçimi var. O, hansı reklamı yayımlayacağını, hansı auditoriyanı necə cəlb edəcəyini seçir.
Və mən hesab edirəm ki, cəmiyyətin dəyərlərinə mənfi təsir göstərə biləcək davranışları sırf daha çox müştəri və daha çox pul naminə normallaşdıran sahibkarlar öz məsuliyyətlərini kənara ata bilməzlər.
Bu gün “pulsuz içki”dir.
Sabah daha başqa bir şey olacaq.
Sonra isə hamımız təəccüblənəcəyik ki, “gənclər niyə belə oldu?”
Bəlkə də ilk növbədə özümüzə sual verməliyik: Bu gənclərə hər gün hansı həyat tərzini reklam edirik?
Mən heç kimi mələk elan etmək fikrində deyiləm. Gənclərin də öz məsuliyyəti var, ailənin də, medianın da, cəmiyyətin də.
Amma pul qazanmaq naminə gənclərin zəif nöqtələrini hədəfə alan reklam strategiyalarına “sadəcə biznesdir” deyib keçmək mənə görə doğru deyil.
Çünki biznes yalnız pul qazanmaq deyil.
Biznes həm də cəmiyyətə toxunan məsuliyyətdir.
Və bu məsuliyyəti yalnız kassada hesab bağlanana qədər xatırlayan sahibkarların cəmiyyətin gələcəyi barədə danışmağa mənəvi haqqı çox azdır.
Bu məsələni artıq susaraq izləmək yox, ciddi şəkildə müzakirə etmək lazımdır.
Çünki bəzi şeylər əvvəlcə reklam kimi başlayır, sonra adiləşir, sonda isə cəmiyyətin bir hissəsi bunu həyat tərzi kimi qəbul edir.
Mən buna “müasirlik” demirəm. Mən buna təhlükəli normallaşma deyirəm.
Önümüzdə ki dərc edəcəyim yazılarda bu məkanların sosial şəbəkələrdə verdiyi reklamları sizin nəzərinizə çatdıracam. Necə deyərlər “Elin gözü tərəzidir”
Emil Müzəffərli..















