İnternet və sosial şəbəkələrin geniş yayılması ilə məlumat əldə etmək əvvəlkindən daha asan olub. Lakin bununla yanaşı, yanlış və manipulyativ məlumatların yayılması da ciddi problemə çevrilib. Saxta xəbərlər bəzən həqiqi məlumatlardan daha sürətlə yayılır və insanların yanlış qərarlar qəbul etməsinə səbəb ola bilər.
“Avantaj.media”nın araşdırmasına görə, müasir dövrdə hər bir insanın əsas bacarıqlarından biri məlumatı yoxlamaq və etibarlı mənbələri seçməkdir. Media savadlılığı yalnız jurnalistlər üçün deyil, internetdən istifadə edən hər kəs üçün vacib hesab olunur.
Mütəxəssislər bildirirlər ki, saxta xəbərləri müəyyən etməyin ilk yolu xəbərin mənbəyinə diqqət yetirməkdir. Etibarlı media qurumları adətən xəbərin müəllifini, hadisənin baş verdiyi yeri və istifadə olunan mənbələri qeyd edir. Naməlum saytlar, qeyri-müəyyən müəlliflər və sübutsuz iddialar isə məlumatın şübhəli ola biləcəyini göstərir.
Başlıqlar da xəbərin həqiqiliyini anlamaqda mühüm rol oynayır. Saxta xəbərlər çox vaxt insanlarda güclü emosiyalar yaratmaq üçün şişirdilmiş və sensasion başlıqlardan istifadə edir. “Hamıdan gizlədilən həqiqət”, “inanılmaz hadisə” kimi ifadələr oxucunu tələsik reaksiya verməyə sövq edə bilər.
Digər vacib məqam məlumatın başqa mənbələrdə də olub-olmamasıdır. Əgər böyük əhəmiyyət daşıyan bir hadisə yalnız bir naməlum səhifədə yayımlanırsa, həmin məlumatı paylaşmazdan əvvəl araşdırmaq lazımdır. Etibarlı xəbərlər adətən bir neçə müstəqil mənbə tərəfindən təsdiqlənir.
Şəkil və videoların da saxta məlumatların yayılmasında istifadə edildiyi bildirilir. Köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi, fotoların dəyişdirilməsi və ya hadisədən fərqli kontekstdə paylaşılması insanların yanlış nəticəyə gəlməsinə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə qarşıya çıxan hər məlumatı dərhal qəbul etmək düzgün deyil. Xəbərin tarixini, mənbəsini, müəllifini və digər sübutlarını yoxlamaq lazımdır. Xüsusilə sağlamlıq, təhlükəsizlik və ictimai hadisələrlə bağlı məlumatlarda diqqətli olmaq vacibdir.
Saxta xəbərlərlə mübarizədə ən güclü vasitə tənqidi düşüncədir. İnsan nə qədər çox sual verirsə və məlumatı araşdırırsa, yanlış xəbərlərin təsirinə bir o qədər az məruz qalır.
Mələk Nəsirli
















